“Alpinist” oğruya psixi ekspetiza təyin olunub

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Cavid Süleymanovun vəkili vəsatət verərək müvəkkilinin psixi problemlərdən əziyyət çəkdiyini və bu səbəbdən onun barəsində ekspertlər tərəfindən stasionar ekspertiza keçirilməli olduğunu bildirib. O, ekspert rəylərinin iş materiallarına əlavə edilməsi istəyib. Vəsatət təmin edilib.

Prosesdə digər zərərçəkənlərin və bəzi şahidlərin ifadəsi elan edilmiş hesab edilib. Bununla da məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış etmək üçün vaxt istəyib və proses aprelin 22-ə təyin edilib.

Xatırladaq ki, ittihama görə, Əhməd Əhmədov və Cavid Süleymanov Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. İttihama əsasən, V.Mirzəyevə 167 min manat ziyan vurulub.

Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.(APA)

Əvvəlki məqalə

“Minsk Qrupunun taleyinin necə olacağını bilmirəm” –

Sonrakı məqalə

ABŞ və Fransa Rusiya ilə Minsk Qrupunda əməkdaşlıqdan imtina edib –