Aqrar Sığorta Fondu (ASF) əkin sahələrini vaxtında sığortalamaq və sığorta müqaviləsi əldə etməklə əlaqədar fermerlərə müraciət ünvanlayıb.
Fonddan bildirilib ki, ASF-nin İdarə Heyətinin sədri Fuad Sadıqov sahələrini sığortalayan fermerlərin sayı və sığortanın əhatə etdiyi əkin sahələrinin miqyasının sürətlə artdığını deyib.
Onun sözlərinə görə, bəzi hallarda fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, sığortalanma prosesini dekabr ayına qədər ləngidirlər, bu hal isə onların zərərlə üzləşməsinə səbəb olur.
“Artıq minlərlə fermer dövlətin yaratdığı bu imkandan istifadə etməkdə və faydalanmaqdadır. Ölkədə sığortalanan əkinlərin sahəsi 400 min hektarı keçib. Sentyabrda bəyan olunan əkinlər bəzən dekabrın sonunda sığortalanır. Nəticədə əkinlər bir neçə ay sığortasız qalır ki, bu da əkin sahəsinin həmin vaxt baş verə biləcək hadisələr qarşısında təminatsız olması deməkdir. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur”, – deyə o bildirib.
O, bunu nəzərə alaraq fermerləri baş verə biləcək hadisələrdən qorumaq üçün əkin sahələrini vaxtında sığorta etməyə çağırıb.
Aqrar sığorta tarifləri təbiət və iqlim xüsusiyyətləri səbəbindən ölkənin müxtəlif regionları üzrə fərqlidir. Sığorta haqqının 50 faizi isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatan olur. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.
Sığorta prosesində fermerlərə dəstək olmaq məqsədilə əkin sahəsini bəyan etmiş fermerlərə Aqrar Sığorta Fondundan müvafiq SMS göndərilir. Burada əkin sahəsinin sığorta haqqı və nəzərdə tutulan məhsuldarlıq göstərilir.
Əgər fermerin nəzərdə tutduğu məhsuldarlıq göstəricisi SMS-də göstəriləndən fərqli olarsa, fermer bu barədə Fonda müraciət edərək sığorta müqaviləsində məhsuldarlığı dəyişə bilər.
Fermerlər öz əkin sahələri üzrə sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablaya bilərlər.
Aqrar Sığorta Fondu indiyədək baş verən sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin ilk 8 ayında isə 3,3 milyon manat sığorta ödənişi həyata keçirib. Qarşıdakı aylarda sığorta ödənişlərinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən dolu, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, yanğın, üçüncü şəxslərin hərəkətləri və sair hadisələrdən sığortalayır.
Fermerlər əkin sahələrini sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 qısa nömrəsinə zəng edə bilərlər.