Uzunmüddətli bayram fasilələrindən sonra bir çox insan çəki artımı və iştahanın nəzarətdən çıxması problemi ilə üzləşir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dövrdən sonra sərt pəhrizlərə başlamaq əksinə, orqanizm üçün zərərli ola bilər.
AzPost xəbər verir ki, “İnvitro” klinikasının həkim-endokrinoloqu Lidiya Bindyukova URA.RU-ya açıqlamasında artıq çəkidən sağlam şəkildə qurtulmağın əsas prinsiplərini izah edib.
Həkimin sözlərinə görə, bol və nizamsız qidalanma orqanizmi artıq kalori ilə yükləyir və maddələr mübadiləsini “ehtiyat toplama rejimi”nə keçirir. Davamlı karbohidratlı qəlyanaltılar isə insulin ifrazını artıraraq yağların enerji mənbəyi kimi istifadəsini bloklayır, eyni zamanda aclıq və toxluq hormonlarının balansını pozur.
Lidiya Bindyukova sürətli nəticə vəd edən sərt pəhrizlər və ağır məşqlər əvəzinə mərhələli və yumşaq yanaşmanı tövsiyə edib.
Onun əsas tövsiyələri bunlardır:
Qidalanma rejimini bərpa edin. Müntəzəm yeməklərə qayıdın, günə mütləq tam dəyərli səhər yeməyi ilə başlayın və kifayət qədər su için.
Rasionu düzgün tənzimləyin. Zülal və qida liflərinin kombinasiyasına, faydalı yağlara üstünlük verin, şirniyyatları minimuma endirin ki, “karbohidrat dalğalanmaları” yaranmasın.
Stresssiz hərəkət edin. Gəzinti, xizək və ya konki sürmək kimi yüngül, lakin davamlı fiziki aktivliklə başlamaq daha faydalıdır.
Sərt qadağalardan qaçın. Tam məhdudiyyətlər tez-tez qida pozuntularına səbəb olur. Həftədə 1–2 dəfə “planlaşdırılmış istisnalar” daha effektivdir.
Endokrinoloq sərt pəhrizlər, detoks proqramları və interval aclıq barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, bu üsullar sürətli, lakin qısamüddətli effekt verir və nəticədə maddələr mübadiləsini ləngidir. Həkim vurğulayıb ki, yeganə faydalı “detoks” alkoqoldan imtinadır.
Mütəxəssis bildirib ki, bir ay ərzində 1–2 kiloqram çəki azalması və şişkinliyin getməsi real və təhlükəsiz nəticə hesab olunur. Bunun üçün duz, şəkər və alkoqolu azaltmaq, maye kalorilərdən imtina etmək, lif və zülal qəbulunu artırmaq, gecə 7–8 saat yatmaq və həftədə 2–3 dəfə yorucu olmayan məşqlər etmək kifayətdir.
“Həkimin nəzarəti olmadan bir ayda 10 kiloqram arıqlamağa cəhd etmək təhlükəlidir və demək olar ki, həmişə çəkinin sürətlə geri qayıtması ilə nəticələnir”, – deyə Lidiya Bindyukova əlavə edib.