Avropa İttifaqının bir neçə ölkəsi – Estoniya, Çexiya, Niderland və İsveç Gürcüstan iqtidarının “xarici təsirin şəffaflığı” qanununu qəbul edəcəyi təqdirdə Tbilisiyə sanksiyalar qoyulmasına çağırıb.
Financial Times qəzeti Avropadakı diplomatik mənbələrə istinadən yazır ki, söhbət həm də Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin dayandırılmasından gedir.
Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı etirazlar artıq bir aydan çoxdur davam edir.
Müxalifət və vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, sözü gedən qanun Rusiyanın “xarici agent” qanununun analoqudur.
Qanun layihəsini parlamentə təqdim etmiş hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, bu qanun ifadə azadlığı da daxil azadlıqlara qarşı nəzərdə tutulmayıb və onun qəbulundan məqsəd sadəcə olaraq xarici maliyyələşdirmənin şəffaflığının təmin olunmasıdır.
Lakin tənqidçilər deyirlər ki, Rusiyada “xarici agent” qanununun qəbulundan sonra fərqli düşüncəyə, media azadlığına və müxalifətə qarşı sərt repressiyalara başlanıb.
Buna baxmayaraq iqtidar qanunun qəbul edilməsində israrlı görünür. Qanun üçüncü və sonuncu oxunuşda qəbul edilsə də Gürcüstan prezidneti Salome Zurabişvili ona veto qoyub.
Lakin “Gürcü arzusu” partiyası parlamentdə mütləq çoxluğa malikdir və prezidentin vetosu asanlıqla ləğv oluna bilər. Bunun üçün səsvermənin artıq gələn həftə keçiriləcəyi gözlənilir.
Financial Times yazır ki, Gürcüstana qarşı vizasız rejimin dayandırılmasından başqa, konkret məmurlara qarşı ünvanlı sanksiyalar və maliyyə yardımının dondurulması da daxil müxtəlif tədbirlər həyata keçirilə bilər.
Avropa İttifaqı liderlərinin bu məsələyə gələn həftə baxacaqları gözlənilir.
Financial Times qəzetinin yazdığına görə Gürcüstana qarşı sanksiyalar təşəbbüsü ilə Estoniya, Niderland, Çexiya və İsveç çıxış ediblər.
Məqalədə deyilir ki, bununla yanaşı Avropa paytaxtlarında Gürcüstan hakimiyyətinə təsir edəcək və onu sözü gedən qanunun qəbulundan daşındıra biləcək başqa tədbirlər də müzakirə olunur.
Qəzet yazır ki, Gürcüstan hakimiyyəti bu qanunu hər halda qəbul etsə, bu, ölkənin Avropa İttifaqına üzvlük yolunda ən böyük maneələrdən birinə çevriləcək.
Gürcüstana qarşı mümkün sanksiyalar məsələsi təkcə Aİ-də müzakirə olunmur. Bundan əvvəl bir sıra ABŞ siyasətçiləri bir neçə dəfə Gürcüstan hökumətinə xəbərdarlıq ediblər.
Onlar deyiblər ki, Gürcüstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən maliyyə aktivlərinin dondurulması, sözü gedən qanunla bağlı olan məmurlara və onların ailə üzvlərinə viza qadağanının qoyulması kimi məhdudiyyətlər tətbiq oluna bilər.