“Avropa İttifaqı Rusiya hərbçilərini Zəngəzurda sıxışdırmaq istəyir” –EKSPERT RƏYİ

“Ermənistan sərhədinə Avropadan gələn Mülki Monitorinq Missiyası əslində mülki deyil, hərbidir. Missiyanın tərkibində olan şəxslərin hamısı xüsusi xidmət orqanlarında, təhlükəsizlik orqanlarında xidmət keçmiş ehtiyyatda olan zabitlərdir. Onlara bir sıra istiqamətlərdə tapşırıqlar da verilib. Xüsusilə, kəşfiyyat məlumatlarının toplanması işlərini də həyata keçirirlər”.

Bu sözləri Azpost.info-ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistandakı Mülki Monitorinq Missiyasındakı şəxslərin sayını 138-dən 209 nəfərə qədər artırmağa qərar verib. Aİ xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cosef Borrell Ermənistan-Azərbaycan sərhədinin Ermənistana aid hissəsində mülki missiya həyata keçirən əməkdaşların sayını artırmağa qərar verdiklərini bildirib.

Şərq Tərəfdaşlığına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu qərarı tənqid edib və əməkdaşların sayının “özbaşına genişləndirildiyini” diqqətə çatdırıb.

Hərbi ekspert isə bildirir ki,  Aİ Ermənistan üzərindən öz strateji məqsədini həyata keçirmək niyyətindədir: “Missiya əməkdaşlarının sayının artırılması ilə yanaşı, Fransa militarizasiya həyata keçirir. Məsələ burasındadır ki, Aİ bu addımları ilə Ermənistan sərhədlərini qoruyan Rusiya hərbçilərini sıxışdırmaq istəyir. Bəhanə də odur ki, guya Azərbaycan Ermənistana hücum edə bilər, sülh sazişi imzalanmayıb və s. Əslində Ermənistan da müəyyən qədər ehtiyat edir. Çünki bu gün Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Aİ də öz maraqlarını güdməklə yanaşı, Ermənistana demək istəyir ki, Azərbaycan hücum edərsə, təhlükəsizliyi təmin edəcəklər”.

“Hesab edirəm ki, rəsmi Bakının iradı haqlıdır. Çünki bu missiyanın gəlişi ilk dəfə Azərbaycanla da razılaşdırılmışdı. İki aylıq monitorinq həyata keçirib getməli idilər. Lakin sonradan rəsmi Bakının mövqeyinə məhəl qoymadan missiya əməkdaşlarının sayı artırıldı, müddət uzadıldı. Azərbaycanın razılaşmanın pozulmasına etirazı yerindədir”, – deyə ekspert fikrini tamamlayıb.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

“İrəvanda “dövlət-dövlət” oyununun Azərbaycan üçün təhlükəsi yoxdur” –

Sonrakı məqalə

Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verib