“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə əsasən Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunaraq Azərbaycan Respublikasının vətəndaşları Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal Quliyev ölkəmizə ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluqda təsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına görə barələrində beynəlxalq axtarışa elan olunub.
Həmin şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq bu il sentyabrın 14-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Xatırladaq ki, ekstradisiya edilən Gülnarə Xəlilova “Azərpoçt”un sabiq şöbə müdiri olub.
Binəqədi Rayon Prokurorluğunun ötən il yaydığı məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən 09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Azpost.info