Azərbaycan 9 ayda Avropaya qaz ixracından nə qədər qazanıb? –

SİYAHI (ÖLKƏLƏR)
30 Oktyabr 2021 - 18:36

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ayda ölkəmizdən İtaliyaya dəyəri 1 milyard 267,9 milyon ABŞ dolları olmaqla 3 milyard 995,4 milyon kubmetr, Yunanıstana 163,7 milyon dollarlıq 501,7 milyon kubmetr, Bolqarıstana isə 25,5 milyon dollarlıq 166 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 1 milyard 206,7 milyon dollarlıq 7 milyard 832,9 milyon kubmetr, Gürcüstana 280,9 milyon dollarlıq 2 milyard 261,5 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, ilin ilk 9 ayında ölkədən ümumilikdə 14 milyard 927,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 951,4 milyon dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.