“Nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir”.
APA-nın xəbərinə görə, bunu Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda keçirilən konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycan dövləti ötən ay beynəlxalq müstəvidə dini, siyasi və elmi ictimaiyyətin qlobal problemlərin birgə müzakirəsini təmin etməklə analoqu olmayan nümunəvi ilkə imza atıb: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş Dünya Dini Liderlərinin II Bakı Sammiti Azərbaycanın dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq etdi. Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadimlərinin iştirakı ilə baş tutan, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu Zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında öncül rolunun göstəricisi olaraq, dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu”.
Şeyx qeyd edib ki, Azərbaycan müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən, qlobal əhəmiyyətli ideyalar ətrafında cəm edən, sülh və qarşılıqlı anlaşma mühitinə xidmət edən bu missiyasını davamlı və ən yüksək səviyyədə həyata keçirən dövlət kimi dünyanın diqqət mərkəzindədir: “Dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini – multikulturalizm modelini təklif edir. Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə ev sahibliyi, qlobal hərəkata çevrilmiş Bakı Prosesinə rəhbərlik edir. Prezident İlham Əliyev cənablarının dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir”.
Allahşükür Paşazadə həmçinin Prezident İlham Əliyevi qarşıdan gələn ad günü münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.