Zəngəzur dəhlizi necə olacaq? –

Sovet xəritələrini göstərən Moskva, qalib Bakı və məğlub İrəvan (TƏHLİL)
30 Oktyabr 2021 - 14:33

Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizi kimi təqdim edilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.

Ermənistan və Azərbaycan arasında mübahisəsi davam edən Zəngəzur dəhlizi barədə Türkiyə və Azərbaycan rəhbərləri müsbət fikirlər səsələndiriblər.

Ermənistan tərəfi isə bildirib ki, hazırda keçmiş Sovet İttifaqının cənub sərhədi boyunca, xüsusən, Yerevan, Naxçıvan, Meğri və oradan şərqə uzanan dəmiryolunun açılmasını müzakirə edilir, eyni istiqamət üzrə avtomobil yolların açılması isə müzakirə olunmur.

Bu günlərdə həm də Azərbaycan mediasında 9 noyabr 2021-ci ildə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan ilə Ermənistan arasında hansısa sənədin imzalanması barədə yazılar dərc olunur. Ermənistanda bəzi KİV-də bu barədə xəbərlər yayılsa da dövlət rəsmiləri məlumatı təsdiq etməyib, “hansısa razılaşdırılmış mətnin” hazırlanması ehtimalı olduğunu deyiblər.

Siyasi şərhçilər hesab edir ki, bu sənəd ola bilsin ki, nəqliyyat və komunikasiya xətlərinin açılmasını nəzərdə tutan bir razılaşma ola bilər.

Azərbaycan rəsmiləri nəqliyyat xətlərinin bərpasından danışan zaman daha çox Zəngəzur dəhlizinin açılmasına vurğu edirlər. Son vaxtlar Ermənistan və Azərbaycan rəsmiləri və Rusiya rəhbərliyi Cənubi Qafqazda nəqliyyat, komunikasiya xətlərinin bərpası istiqamətində danışıb, müsbət irəliləyişlər olduğu bardə soraq veriblər.

Ötən həftələrdə Ermənistan Baş naziri Nikol Paşinyan və prezident İlham Əliyev bir-birinin ardınca nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan tərəfinin Zəngəzur dəhlizi adlandırdığı yolun açılması barədə müsbət ismarıclar səsləndiriblər.

“İran-Azərbaycan gərginliyi Rusiyanı hərəkətə gətirib”

Siyasi təhlilçi Əhməd Əlili BBC News Azərbaycancaya deyib ki, Ermənistan Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası və kommunikasiya xətlərinin bərpası barədə yaxınlaşma Rusiya mediatorlığı ilə aktivləşib.

Təhlilçi hesab edir ki, Rusiyanın vasitəçiliyi ilə noyabrın 9-da iki ölkə arasında sənəd imzalana bilər: “Mən düşünmürəm ki, müfəssəl, yekun iri bir sülh sazişi olacaq, çünki bu proses uzun illər apara bilər, amma çox vacib komponentləri olan və Rusiyanın mediatorluğunu hamıya göstərəcək bir sənəd olacaq. Burada Azərbaycanın maraqlarında cavab verən məqam olacaq ki, uzun müddətdir gözlədiyi dəhlizlərlə bağlı, sərhədlərin delimitasiyası ilə bağlı istəklərini ala biləcək”, – Əhməd Əlili deyib.

Şərhçi deyib ki, İranla Azərbaycan arasındakı gərginlik İranın bölgədə maraqlarının artmasını göstərib, bu da Rusiyanı hərəkətə gətirib: “Rusiya mediator olaraq gördü ki, Cənubi Qafqazda aktiv rol oynamaq istəyən ölkələrin sayı getdikcə artır. 27 sentyabr 2020-ci ilə kimi hamı Rusiyanı burda ən çox sözükeçən oyunçu qəbul edirdisə, sonradan bu balans Türkiyənin xeyrinə ciddi dəyişməyə başladı. İsrail Azərbaycan münasibətləri də inkişaf elədi, Qərb ölkələri regionda, Ukrayna və Gürcüstanda hərbi təmsilçiliyini gücləndirdilər. İranın da gərginlik yaratması bir mesaj oldu ki, müzakirə olunan məsələlərdə aktivlik olmasa burada maraqlı tərəflər artacaq və Rusiya bununla barışa bilməz”, – cənab Əlili deyib.

“Rusiyadan başqa heç kimə ehtiyacımız yoxdur”

Əhməd Əlili hesab edir ki, Rusiyanın aktivləşməsi Vladimir Putinin son zamanlardakı çıxışlarında özünü göstərib. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də Valday Forumunda deyib ki, Ermənistanla Azərbaycan sərhədində problemlərin həlli Rusiyanın iştirakı olmadan həll edilə bilməz.

“Burada, əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz. Burada, bəlkə də, iki tərəfdən və Rusiyadan başqa heç kimə ehtiyacımız yoxdur”, – Rusiya lideri bildirib.

Putin deyib ki, “Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Baş Qərargahında Ermənistan SSR ilə Azərbaycan SSR arasında sərhədləri göstərən xəritələr var, lakin bu kifayət deyil. Bakı və Yerevan sərhədləri hər iki tərəfə uyğun şəkildə bərabərləşdirmək üçün qarşılıqlı kompromislərə getməli olacaqlar”.

Ermənistan rəsmiləri deyiblər ki, Rusiyanın baş qərargahında olan xəritələr Rusiya xəritələri ilə üst-üstə düşür, amma söhbətin hansı ildəki xəritələrdən getdiyi dəqiqləşdirilməyib.

Bu günlərdə erməni dilində yayımlanan Aliq mediada 1920-ci ilin xəritələrinə istinad ediləcəyi barədə iddialar yayımlanıb. Azərbaycan tərəfi də Ermənistanla sərhədlərin müəyyənləşdirilməsində Sovet dövrü xəritələrinə istinad olunmasını səsləndirsə də, söhbətin hansı ildəki xəritələrdən getdiyi dəqiqləşdirilməyib.

Azərbaycanlı şərhçi Əhməd Əlili BBC-yə deyib ki, Aliq mediada gedən 1920-ci ildəki xəritələrə istinad etmək iddiaları da müəmmalıdır. Onun sözlərinə görə, 1920-ci ildəki xəritələrdə də tarixi Zəngəzur bölgəsi və Qarabağ ərazilərinin bölüşdürülməsi hələ tam aparılmamışdı.

Ermənistan Rusiya və İrana, Azərbaycan Naxçıvana yol əldə edəcək

BBC-nin İrəvan müxbiri Aleksey Manvelyan deyib ki, Ermənistan rəhbərliyi bölgədə bütün nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olduğunu həmişə bəyan edib,

Son dəfə iki həftə bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Ölkə Başçıları Şurasının iclasda Ermənistanın regionda bütün nəqliyyat kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Paşinyan deyib ki, yaxın gələcəkdə konkret nəticələrə nail olmağa ümid edir: “Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazisi üzərindən Rusiya ilə dəmiryol və avtomobil və İranla dəmir yol, Azərbaycan isə Ermənistanın ərazisi üzərindən Naxçıvan ilə dəmir yol və avtomobil əlaqələrini əldə edərlər”.

İrəvan nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsinin müsbət nəticə verəcəyini qeyd edir, lakin, Baş nazir müavini Mher Qriqoryanın sözlərinə görə, bunun nəticəsində ölkələr arasında mal dövriyyəsi həcminin dəqiq artımını proqnozlaşdırmaq tezdir.

Anklavlardan keçən yollar

Sovet İttifaqı daxilində respublikalar arasında sərhədlər şərti olub. Məsələn, Ermənistandan Gürcüstana və Rusiyaya gedən əsas Yerevan-Tbilisi yolu Ermənistanın İcevan və Noyemberyan rayonlarının kəndləri arasında Azərbaycanın inzibati ərazisindən keçirdi.

Keçmiş Noyemberyan rayonu ərazisindəki Azərbaycan anklavında Bağanıs Ayrım, Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri yerləşir, keçmiş İcevan rayonu ərazisindəki Azərbaycan anklavında isə Sofulu, Barxudarlı, Qızılhacılı, Xeyrimli kəndləri yerləşir. Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən Qazax rayonunun bu 7 kəndi Ermənistanın nəzarəti altında Tavuş vilayəti ərazisində yerləşir.

Ermənistanın da Azərbaycanda – Gədəbəy rayonu ərazisində bir anklavı olub – Başkənd. Başkənd 1992-ci ildən Azərbaycanın nəzarəti altındadır.

Yerevandan Vayots Dzor, Zəngəzur və Qarabağ istiqamətində yol isə Ermənistanın inzibati ərazisində yerləşən üç Azərbaycan kəndindən keçir. Nəqliyyat kommunikasiyaların açılması bəzi hallarda anklavların mübadiləsi və sərhəd xəttinin dəyişməsi məsələsini gündəmə gətirə bilər.

Lakin Bakı və Ankara Yerevan-Naxçıvan-Meğri istiqamətində dəmiryolu – Zəngəzur dəhlizindən – danışır. Ermənistan rəhbərliyi isə ümumiyyətlə heç bir dəhliz məsələsinin müzakirə olunmadığını iddia edir.

Əsas məsələ bu dəhlizin statusudur, kimin tərəfindən nəzarət edilməsi. Bəzi ehtimallara görə, Azərbaycan istəyir ki, Ermənistanın Zəngəzur vilayəti üzərindən sərnişin və yüklərin Naxçıvana nəql edilməsi zamanı Ermənistan gömrük, pasport yoxlama məntəqələrinə və digər rəsmi orqanlarla rastlaşmasın. “Bu, faktiki olaraq bu dəhliz boyunca Ermənistanın suverenliyinin itirilməsi və ölkənin yol uzunu iki hissəyə bölünməsi deməkdir” -deyə BBC-nin İrəvan müxbiri Aleksey Manvelyan bildirir. “Ermənistan buna razı olmaz, lakin müharibədən sonrakı vəziyyətində öz mövqeyini müdafiə etməyə qadirdirmi – bu sual altındadır”- o əlavə edir.

Digər tərəfdən, Azərbaycan Ermənistan üçün Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizi statusunda Zəngəzur üzərindən Naxçıvan istiqamətində dəhliz tələb edə bilər. Bu isə Rusiyanın regionda daha da möhkəmlənməsinə xidmət etsə də, hazırkı vəziyyətdə həm Ermənistan, həm Azərbaycan üçün ən məqbul variant ola bilər.

Azərbaycan və Rusiya baş nazir müavinləri ilə birgə regionda kommunikasiya yollarının açılması üçün çalışan üç tərəfli qrupdakı görüşlərə qatılan Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bu həftə parlamentdə deyib ki, işçi qrup keçmiş Sovet İttifaqının cənub sərhədi boyunca, xüsusən, Yerevan, Naxçıvan, Meğri və oradan şərqə uzanan dəmiryolun açılmasını müzakirə edir, lakin yeni yolların açılmasını müzakirə etmir.

Onun sözlərinə görə, səbəb bu, 11 yanvar 2021-ci il birgə bəyanatın müddəalarında bundan bəhs olunmamasıdır.

O həmçinin deyib ki, avtomobil yolların üzərindən blokadanın götürülməsi məsələsi üzrə hələ ümumi anlaşma yoxdur və Mardakert-Vardenis yolun üzərindən blokadanın götürülməsi məsələsi müzakirə olunmur.

Ermənistan Azərbaycan arasında yol təcrübəsi

Təhlilçi Əhməd Əliliyə görə, sərhədlərin delimitasiyası və demarkasiyası işləri olduqdan sonra mövcud olmuş yolların açılmasını nəzərdə tutuan nəqliyyat məsələləri barədə işlərə başlanacaq. Cənab Əlili artıq nümunə kimi istifadə oluna biləcək təcrübənin olduğunu da düşünür. Onun fikrincə Azərbaycanın Gorus-Qafan yolunda tətbiq etdiyi rejim imkan verir ki, Zəngəzur dəhlizi barədə təsəvvür yaransın: “Gorus-Qafan yolunda Ermənistana məxsus yük maşınları Rusiya sülhməramlılarının müşayət etdiyi konvoyla hərəkət edirlər. Bir saatdan bir maşınlar toplanır, bir istiqamətdə və əksinə hərəkət edirlər. Maşınlar toplanır və bir saat gözləyirlər – bu formada həmin ərazidə hərəkət edirlər. Bu ərazidən keçən xarici maşınlarsa avtomatik olaraq vergiyə və gömrüyə cəlb edilib rüsum ödəyirlər”, – Əhməd Əlili bildirib.

O ehtimal edir ki, bu rejim Zəngəzur dəhlizinə də tətbiq olunacaq.

“Yəqin ki, Azərbaycan nömrəli maşınlar Ermənistan sərhəddində duracaqlar və orada sərhəd və gömrük yoxlanışı olmadan Naxçıvana kimi onların müşayətiylə gedəcəklər. Həmçinin də Naxçıvandan Azərbaycanın əsas hissəsinə geri dönmələr olacaqdır. Xarici ölkələrin yük maşınları isə ola bilər ki, Ermənistan ərazisinə girərkən hansı şərtlərə tabe olurlarsa burada da onlar tətbiq olunacaq”, – Əhməd Əlili deyib.

“Dəhliz mübahisəsi”nə səbəb nədir?

Azərbaycan və Ermənistan arasında dəhliz dedikdə yaranan anlaşılmazlıq, gərginlik müharibədən bir il ötməsinə baxmayaraq səngiməyib. “Razılığa gəlməməyin səbəbi Azərbaycan maşınlarının gömrük, sərhəd yoxlanışından keçməsi barədədir, “dəhliz o deməkdir ki, bu yoxlanış olmamalıdır”, – Əhməd Əlili deyib.

O hesab edir ki, üçtərəfli bəyanatın 9-cu bəndinə görə Ermənistan Azərbaycana məxsus yüklərin Naxçıvana və geri maneəsiz keçidini təmin etməlidir. Ermənistanda isə bu yolun dəhliz olmadığını və Azərbaycan maşınlarına sərhəd və gömrük baxışı tətbiq edə biləcəklərini deyirlər.

Ermənistan Azərbaycan arasında yollar

Sovet dövründə Azərbaycanla Ermənistanı birləşdirən Qazaxdan keçərək Ermənistanın İjevan rayonundan (M4) keçən, Laçından keçən və Laçın dəhlizi kimi tanınan (M12) və Ağbənddən keçib Ordubada gedən (E002) avtomobil yolları olub. Ağbənddən keçib Ordubada gedən yola paralel həm də dəmiryolu xətti olub və Ermənistana daşınan ağır yüklər bu istiqamətdə aparılıb.

Siyasi şərhçi Əhməd Əlili deyib ki, iki ölkəni birləşdirən digər yollar olsa da nəqliyat daşımalarında ən əhəmiyyətli yol indi Zəngəzur dəhlizi kimi səsləndirilən sonuncu Ağbənddən keçib Meğri istiqamətində Ermənistan ərazisinə daxil olan dəmiryolu xətti olub.

Daha sonradan Ermənistandan keçib Azərbaycan ərazilərinə gələn Vardenis Ağdərə yolu 2014-2016-cı illərdə tikilib və əsaslı təmir olunub. Bu Ermənistandan Qarabağ ərazisinə gələn ikinci yol olub.