Azərbaycan və Ermənistan müğənnilərinin birgə konserti –

1987-ci ildə hansı məşhurlar “Hayastan, Azərbaycan” mahnısını oxuyub? (VİDEO)
08 Sentyabr 2019 - 12:43

Sovet hökuməti 20-ci əsrin əvvələrində iki xalq arasında baş vermiş qanlı davaları tarixin küllüyündə ört-basdır edə bilmişdi.

“Sovet adamı” anlayışı altında yaradılan yeni yaşam prinsipləri ideoloji platforma üzərində quruldu. Bu platforma keçmişi xatırlmaqla deyil, bir yerdə gələcəyə addımlamağı tələb edirdi.

Hamı 70 il bu yolun yolçusu oldu.

Lakin SSRİ-ninideoloji çərçivəsi bir az boşalan kimi ənənvi erməni düşmənçiliyi bütün eybəcərliyi ilə dişini göstərdi.

Azpost.info  bildirir ki, internetdə Azərbaycan və Ermənistan sənət adamlarının 30 il əvvəl Filarmoniyada birgə konsertindən video paylaşılıb. Oxuculara təqdim etdiyimiz bu videokadrlar həmin dönəmin bir güzgüsüdür.

 

1987-ci ilin apreli. Azərbaycan SSR. Bakı.

Ermənistan SSR-nin əmək qabaqcılları  və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəliblər. Hava limanında  Aram Miranqulyan adına Ermənistan SSR xalq çalğı ansamblının üzvlərinin Bakıya gəldiyi göstərilir. Onları Səid Rüstəmov adına xalq çalğı ansamblının üzvləri qarşılayır.

Daha sonra kadrlarda Filarmoniyada təşkil edilmiş konsert göstərilir. Konserti Ermənistan və Azərbaycan televiziyalarının aparıcıları Asmiq Perçyan, Ülkər Quliyeva idarə edir. Aparıcılar sovet hakimiyyətindən sonra möhkəmlənmiş erməni-azərbaycanlı dostluğundan danışır, Bakıyla Yerevan, Kirovabadla Leninakan, Sumqayıtla Kirovakan, Apşeronla Masis, İcevanla Qazax, Meğri ilə Zəngilan, Laçınla və Gorus zəhmətkeşlərinin əmək yarışını tərifləyirlər.

Zalda Ermənistan SSR Noyamberyan rayondan olan Sosialist Əməyi Qəhrəmanı Mərziyə Mustafayeva, azərbaycanlı neft ustası, Azərbaycan SSR Ali Sovetinin deputatı Qaspar Mirəliyev, Ermənistanın əməkdar incəsənət xadimi, bəstəkar Qriqor Haxinyan, Mingəçevirdəki “Azərkabel” zavodunun işçisi Kamal Dəmirov, Yerevan Dövlət Unversitetinin tələbəsi Nune Qalyan, Azərbaycan Dövlət Unversiteinin tələbəsi Ülviyyə Əliyeva, Masis rayonundan komsomol təşkilatı katibi  Məryəm Səfəryan, Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərov fəxri qonaq kimi iştirak edir.

Aparıcılar Azərbaycan və Ermənistan musiqiçiləri arasında olan dostluqdan danışırlar. Erməni aparıcı deyir ki, dirijor Niyazinin yaradıcılığının bir sıra səhifələri Ermənistanla bağlı olub. Belə ki, Yerevan Konservatoriyasını bitirən Niyazi dəfələrlə Ermənistana gəlib. Ona Ermənistanın xalq artisti fəxri adı verilib. Azərbaycanlı aparıcı da öz növbəsində bildirir ki, Ermənistanın xalq artisti Avak Petrosyana “Koroğlu” operasında oynadığı Koroğlu roluna görə, Azərbaycanın xalq artisti adı verilib. Erməni aparcı cavabında qeyd edir ki, ölməz Rəşid Behbudov ilk addımlarını Yerevanda atıb. Azərbaycanlı aparcı da borclu qalmır: Cavabında deyir ki, ermənilərin fəxri sayılan Konstantin Orbelyan ilk dəfə olaraq Bakıda səhnəyə çıxıb.

Asmiq Perçiyanın cavabı maraqlı olur: “Əsl dostluq və bayram əhvalı Azərbaycan və Ermənistanın xalq artisti Zeynəb Xanlarova ilə görüşdən və mahnılarıdan süzülür”.

Aparıcılar bildirir ki, konsertdən əldə olunacaq məbləğ Gürcüstanda təbii fəlakətdən zərər çəkənlər üçün yaradılmış Fonda köçürləcək.

Konsert Üzeyir Hacıbəyovun “Cəngi” musiqisi ilə başlanır.

Sonda Azərbaycan və Ermənistan müğənniləri səhnəyə çıxırlar. Səhnədə İlhamə Quliyeva, Nisə Qasımova, SSRİ xalq artisti Lütfiyar İmanov , Elmira Rəhimova erməni müğənniləri ilə birgə “Qardaş olub Hayastan, Ermənistan” mahnısını ifa edirlər.

…1987-ci il Azərbaycan üçün Qarabağ fəlakətinin başlanğıc ili oldu. Bu konsertdən 7 ay sonra SSRİ prezidentinin köməkçisi Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın tarixi erməni ərazisi olduğunu deyərək ərazinin Ermənistana birləşdirilməsinin vacibliyini dedi. Bomba effekti verən bu müsahibə iki xalqı bir-birinə düşmən edən fəlakətli Qarabağ münaqişəsinin başlanması üçün siqnal oldu. O tarixdən 30 il keçir. Ermənistanın təcavüzü nəticəsində milyonlarla azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb, on minlərlə insan öldürülüb.

Bu videokadrlara baxarkən möhkəm sülhün ilk olaraq münaqişənin ədalətli həllindən keçdiyinə bir daha əmin olursan. İşğalçı Ermənistanın həyasız davranışlarını müşфhidə etdikcə aydın olur ki, bu gün üçün sülhün reseptləri hələ çox kövrəkdir…