ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoffer (ABŞ) bu gün Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən videokonfrans formatında görüşlə bağlı bəyanat yayıb.
Bu barədə ATƏT-in saytında məlumat verilib.
Bildirilib ki, həmsədrlər 29-30 iyun tarixlərində bölgədəki ictimai səhiyyə vəziyyətini, Dağlıq Qarabağ münaqişəsindəki mövcud dinamikanı və sülh prosesindəki növbəti addımları müzakirə etmək üçün E. Məmmədyarov və Z. Mnatsakanyanla videokonfrans vasitəsilə ayrı-ayrılıqda və birgə şəkildə bir araya gəliblər. (APA)
Bu müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Həmsədrlər sülhə şərait yaradan və əsaslı danışıqlar üçün əlverişli bir atmosferin təşviq olunmasının və saxlanmasının vacibliyini vurğulayıblar.
Onlar regiondakı nisbi sabitliyi müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin gərginliyin artmaması üçün mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə davam etmələrindən məmnunluqlarını ifadə ediblər.