Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib

30 Dekabr 2020 - 11:06

Koronavirus əleyhinə vaksinlər vergidən azad edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsinə təklif edilən digər dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və iri materialların idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.