“Azərbaycana getmərəm” –Baş məşqçi postuna namizədliyi açıqlanan İlhan Palut

“Rizəspor”un baş məşqçisi İlhan Palut haqqında təəccüblü iddia ortaya atılıb.

Azpost.info bildirir ki, 47 yaşlı İlhan Palutun Azərbaycan milli futbol yığmasına baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilib.

Qeyd edək ki, Palut hələ 4 il əvvəl -2019-cu ilin sonlarında “Göztəpə”nin baş məşqçisi postunu tutarkən verdiyi müsahibədə Azərbaycanla bağlı öz mövqeyini açıqlayıb.

Gələcəkdə legioner həyatı yaşamaq arzusunu dilə gətirən Palut bunu ölkəmizdə etmək fikrindən uzaq olduğunu deyib. O, bununla inkişaf etməyəcəyini düşündüyünü bildirib.

Baş məşqçi “Qalatasaray”lı həmkarı Fatih Terimi özünə nümunə götürüb: “Bəzi məşqçilərimiz Azərbaycan, Qətər, Makedoniya kimi ölkələrə gedir. Ancaq mən bu addımın tərəfdarı deyiləm. Türkiyədə ən yüksək uğuru əldə etdikdən sonra ölkə xaricinə yaxşı şəkildə çıxmağı, yəni daha güclü komandalara getməyi istərdim. Şəxsən mən bu cür etmək fikrindəyəm. Qətəri, Makedoniyanı alçaltmaq fikrində deyiləm. Yüksəlişə keçdikdən sonra doğru yerə getmək lazımdır. Tarixdə bunun nümunəsi də var. Fatih Terim 4 il ölkə çempionu olduqdan və UEFA Kubokunu qazandıqdan sonra “Fiorentina”, “Milan” kimi klubları çalışdırdı. Ölkə xaricinə bu cür çıxmaq, belə yüksəlişə nail olmaz lazımdır”.

Əvvəlki məqalə

Amerikalı müşavir Türkiyəyə gəlir

Sonrakı məqalə

“Rusiyaya qarşı sanksiyaların əksəriyyəti ləğv edilməyəcək”