Azərbaycanda aqrar sektorun problemləri –

Adambaşına ərzaq istehsalı niyə azalıb? (TƏHLİL)  
02 Yanvar 2020 - 22:39

Azərbaycanda aqrar sektorun problemləri getdikçə dərinləşir. Uzun müddət bu sahədə mövcud olan problemlər həll edilməyib və nəticədə adambaşına ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı azalıb.

Bu səbəbdən də ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri bahalaşmaqda davam edir. Hələ bir neçə il bundan əvvəl belə vəziyyətin yaranacağı barədə ictimayyətə kifayət qədər əsaslı məlumatlar vermişdik.

Azərbaycan dünyada adambaşına ən çox çörək istehlak edən ölkələrdən biridir. Ölkə əhalisinin sürətli artımı, təbii olaraq ərzağa və ölkə sənayesinin kənd təsərrüfatında istehsal olunan xammala təlabatını artırır. Lakin ölkədə nə baş verir? İlbəil kənd təsərrüfatı məhsulu istehsalı azalır, idxal olunan məhsulun həcmi isə artır. Təəssüflər olsun ki, Azərbaycan özünün heç bir adda ərzaq və qida məhsullarına olan təlabatlarını daxili istehsal hesabına ödəyə bilmir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 78 kiloqram olduğu halda, Azərbaycan il ərzində adambaşına 33 kiloqram, yəni təlabatın yalnız 42 faizi qədər ət istehsal edir. İdxal olunan ət və ət məhsulları ilə birlikdə isə ümumi təlabatın yalnız 51 faizi təmin olunur. Belə ki, 2018 –ci ildə ölkədə adambaşına  39, 8 kiloqram ət və ət məhsulları istehlak olunub (Cədvəl 1).

 

Qeyd etməliyəm ki, Azərbaycan MDB ölkələri arasında Tacikistandan sonra adambaşına ən az ət istehsal və istehlak edən ölkədir (Cədvəl 2).

Azərbaycanda süd istehsalı da təlabatdan xeyli aşağı səviyyədədir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının qida normasına uyğun olaraq il ərzində adambaşına 405 kiloqram süd və süd məhsulları müəyyən olunsa da Azərbaycan 2018-ci ildə adambaşına 212 kiloqram süd istehsal edib. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 52 faizini təmin edir. Respublikaya idxal edilən süd və süd məhsulları ilə birlikdə 2018-ci ildə adambaşına süd məhsulları istehlakı 240,2 kiloqram təşkil edib (Cədvəl 1). Bu da ümumi istehlak təlabatının 59 faizi qədərdir. Keçən il 2014-2015-ci illərə nisbətən süd  və süd məhsulları istehlakı adambaşına 6 kiloqram azalıb. Müqayisə üçün qeyd etməliyəm ki, Ermənistanda 2018-ci ildə adambaşına 235 kiloqram süd istehsal olunub ki, bu da Azərbaycanla müqayisədə adambaşına 23 kiloqram çoxdur. Onu da qeyd etməliyəm ki, MDB ölkələri arasında yalnız Belarus adambaşına süd və süd məhsulları üzrə ÜST-nin müəyyən etdiyi normanı artıqlaması ilə yerinə yetirir (Cədvəl 2).

Yumurta istehsalı sahəsində də vəziyyət ürəkaçan deyil. Belə ki, adambaşına illik norma 291 ədəd olduğu halda 2018-ci ildə Azərbaycanda adambaşına 171 ədəd yumurta istehsal olunub. Həmin il adambaşına yumurta istehlakı 153 ədəd təşkil edib ki, bu da UST-nin müəyyən etdiyi normanın 52 faizi qədərdir. Onu da qeyd etməliyəm ki, bir ildə yumurta istehsalı 38 milyon ədəd azalıb. Belə ki, 2017- ci ildə respublikada 1 milyard  714 milyon ədəd yumurta istehsal olduğu halda 2018-ci ildə istehsal 1 milyard 676 milyon ədəd təşkil edib. Yumurta istehsalında da Azərbaycan Tacikistan və Qırğızıstan istisna olmaqla MDB ölkələrindən xeyli geridə qalır. Ermənistanda 2018-ci ildə adambaşına 245 ədəd yumurta istehsal olunub ki, bu da Azərbaycanla müqayisədə adambaşına 74 ədəd çoxdur. Ukrayna, Belarus, Rusiya və Qazaxıstan illik normadan çox adambaşına yumurta istehsal edirlər.

Bitkiçilik məhsulları ilə də özünütəminat səviyyəsi aşağıdır. Xüsusilə, ölkənin ərzaq buğdası ilə təminatı əsasən idxaldan asılıdır. DSk-nın təqdim etdiyi məlumata görə, il ərzində ərzaq məhsullarının istehsalı üçün 2 milyon 200 min ton buğdadan istifadə olunur. Bu ilin on ayı ərzində, yanvar-oktyabr aylarında respublikaya 1 milyon 371 min ton ərzaq buğdası idxal edilib. Sonrakı 2 ay ərzində ərzaq buğdasının idxalı davam etdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycan özünün ərzaq buğdasına olan təlabatının yarısını belə daxili istehsal hesabına ödəyə bilmir.

Çox təəssüflər olsun ki, kartof istehsalı da təlabatı ödəyəcək səviyyədə deyil. Adambaşına istehlak norması il ərzində 117 kiloqram olduğu halda Azərbaycan 2018-cı ildə adambaşına 92 kiloqram kartof istehsal edib. Keyfiyyəti aşağı olduğuna görə istehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də 2018-cı ildə adambaşına kartof istehlakı normasının 63 faizi qədər, yəni 73,5 kiloqram olub. Bunun da 16 kiloqramını idxal məhsulları təşkil edib. Son on il ərzində ölkədə kartof istehsalı 178 min ton azalıb. Belə ki, 2008-ci ildə respublikada 1 milyon 77 min ton kartof istehsal olunduğu halda on il sonra, 2018-ci ildə istehsal 898, 9 min ton təşkil edib. Bu səbəbdən də son illər adambaşına kartof istehlakı azalmaqda davam edir. Qeyd etməliyəm ki, Belarus, Ukrayna, Qırğızıstan, Rusiya və Ermənistan kimi MDB ölkələri istehlak normasından xeyli çox kartof istehsal edirlər. Onlar istehlak tələbatını 100 faiz ödəməklə yanaşı  artıq məhsulu ixrac edirlər.

Son zamanlar Azərbaycan höküməti tərəvəz istehsalının və ixracının artdığını qeyd edir. Xüsusilə, istixana şəraitində yetişdirilən tərəvəz məhsullarının ixracının artdığı vurğulanır. Paradoks ondan ibarətdir ki, Azərbaycan adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Ölkəmiz keçən il  adambaşına 155 kiloqram tərəvəz  istehsal edib. Azərbaycan adambaşına tərəvəz istehsalında Moldova və Rusiyanı çıxmaq şərti ilə diğər MDB ölkələrindən xeyli geridə qalır (Cədvəl 2). Ermənistan il ərzində adambaşına 212 kiloqram, yəni Azərbaycandan adambaşına 57 kiloqram çox tərəvəz istehsal edir.

İl ərzində adambaşına  meyvə və giləmeyvə norması 185 kiloqram müəyyən edilsə də 2018-ci ildə Azərbaycanda adambaşına 98 kiloqram meyvə istehsal olunub.  Bu göstərici üzrə də Azərbaycan Ermənistandan geridə qalır (Cədvəl 2).

Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın adambaşına əsas qida məhsulları istehsalında və istehlakında MDB ölkələri sırasında Tacikistan istisna olmaqla, diğər ölkələrdən geridə qalır. Onu da qeyd etməliyəm ki, Tacikistan adambaşına kartof və tərəvəz istehsalında Azərbaycandan irəlidədir (Cədvəl 2).

Son 25 ildə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı onlarla qanun, dövlət proqramı qəbul edilib, sərancamlar, fərmanlar imzalanıb. Buna baxmayaraq, hökumət bu sahədə hər hansı ciddi irəlləyişə nail ola bilməyib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda daxili ərzaq bazarının idxaldan asılılığının azaldılmasına və əhalinin ərzaq məhsullarına tələbatının əsasən yerli istehsal hesabına ödənilməsinə xüsusi yer verilmişdi. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını təmin etmək məqsədilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilmişdi. Həmin proqramda 2015-ci il üçün ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona, kartof istehsalının həcmini 1,12 milyon tona, çay yarpağı istehsalını 3 min tona çatdırmaq və s. bu kimi məqsədlər qarşıya qoyulsa da hələ də bu hədəflərə nail olunmayıb.

Hesab edirəm ki, hökumət Azərbaycanın da  üzv olduğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və FAO-nun tövsiyələri əsasında adambaşına illik ərzaq normasını müəyyən etməlidir; ölkənin ərzaq mallarına, qida məhsullarına, içməli suya olan tələbatı üzrə strateji hədəflər müəyyənləşdirilməlidir; əsasən daxili istehsal və qismən də idxal məhsulları hesabına ölkə əhalisinin qida məhsullarına olan təlabatını Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qida normalarına uyğun şəkildə tam ödənilməsinə nail olmalıdır.

ASTNA Analitika Mərkəzi