“İndiki xəstə sayı iki həftə əvvəlki yoluxmaların nəticəsidir”.
Bu fikirləri tibb elmləri doktoru, professor Adil Qeybulla ölkədə tətbiq olunan xüsusi karantin rejiminin səmərəliliyi barədə danışarkən deyib.
Onun sözlərinə görə, yolxumaların sayının 500-dən çox olması insanların karantin qaydaları yumşaldılandan sonrakı davranışının nəticəsidir:
“Sərtləşdirilmiş karantinin iki həftəsi demək olar ki, bitməyib. Ona görə də bu karantin qadağalarının xüsusi effekt verməsini gözləmirəm.
Çünki artıq xeyli adam yoluxub. Həm ambulator xəstələr və həm də evdə müalicə olunanlar çox vaxt xəstəxanaya müraciət etmir. Ümumi bir resept yazaraq internetə yerləşdiriblər. Çox adam özü o dərmanları alıb evdə müalicə olunur. Əslində, bu da düzgün deyil. Çünki hər orqanizm bir cürdür.
Karantin qaydaları o zaman effekt verir ki, sərt şəkildə həyata keçirilir, xəstələr olduqca onlar xəstəxanada müalicə olunur və proses lokallaşdırılır. Amma belə bir geniş yoluxmadan sonra karantin rejiminin xüsusi effekt verəcəyini düşünmürəm.
Yay vaxtı karantini effektiv həyata keçirmək çətin olacaq”.
A.Qeybulla pandemiyanın başa çatma müddəti ilə bağlı proqnozlardan da danışıb:
“Təxmini proqnozlara görə, bu pandemiya 8-9 ay çəkməlidir. Çünki virusun əvvəlki ştamları (SARS, MERS) 6-7 ay çəkib. Təxminən payızın sonuna yaxın pandemiya sona çatacaq. Amma elə ölkələr var ki, vəziyyəti xeyli lokallaşdıra biliblər. Azərbaycanda isə ikinci reinfeksiya başladı. Çünki karantin qaydaları yumşaldılandan sonra xaotik vəziyyət yarandı. Yumşalmalar oldu və bu da böyük bir yoluxma şəraiti yaratdı.
Formal olmasa da, faktiki olaraq hər kəs əlində bir icazə kağızı ilə küçədədir. Karantin formal xarakter daşıyır. Hələ restoranlar, iaşə obyektləri bağlıdır deyə, insanlar istifadə edə bilmirlər. Hesab edirəm ki, regionlara yollar açılsa və insanların buraya kütləvi axını baş verərsə, rayonlarda da vəziyyət pisləşə bilər.
İstənilən halda xəstəliyin gələn ilə qalması proqnozlaşdırılmır. İyulun ortalarına yaxın bizdə xəstəliyin pik nöqtəsi olacaq. Sonra yavaş-yavaş stabilləşmə və enmə başlayacaq”(“MediaPost”).