Azərbaycanda dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Ölkədaxili marşrutlar üzrə qatarlarda “Wi Fi” şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.

Bu barədə ADY-dən məlumat verilib.

Razılaşmaya əsasən mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda “Wi Fi”xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq.

Bununla yanaşı hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz “Wi Fi” zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.

Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz wifi zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, ötən il ADY “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması məqsədilə ölkədə fəaliyyət göstərən şirkətlərdən biri ilə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalayıb(apa).

Əvvəlki məqalə

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Sonrakı məqalə

Fətullah Gülən malikanəsindən qaçırılıb? –