Azərbaycanda elektromobil bazarı nə vəd edir?

Son illər dünyada elektromobillərin populyarlaşması ilə əlamətdar olub.

Bu növ nəqliyyatın başlıca üstünlüyü onların ənənəvi maşınlarla müqayisədə qənaətliliyi deyil, onların ekoloji olmasıdır. Bunu, istənilən olanda, dünya trendi bəyan edir.

Azərbaycanda hal-hazırda nəqliyyat parkında 4047 ədəd elektrik mühərrikli avtomobil mövcuddur. Bu say tələbata uyğun olaraq artır.

Hazırda dünyanın avtomobil yollarında elektriklə işləyən nəqliyyat vasitələrinin yarıdan çoxu Çində idarə olunur. Belə ki, hazırda bu ölkədə satılan olan hər 100 avtomobildən 15-ni elektromobillər təşkil edir. Eyni zamanda, qlobal akkumulyator istehsalında xüsusi üstünlüyə malik Çin, həm də 2022-ci ildə dünya üzrə elektromobillərin satışında da 60 faiz paya sahibi olub.

Artıq Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.

Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

Son illərdə bütün dünya atmosferə zərər vuran əsas elementlərdən biri olan karbohidrogenlərlə işləyən avtomobillərə qarşı fəal mübarizə aparır. Bundan başqa, bəzi ölkələr artıq benzin və ya dizel maşınlarından tam imtina edəcəkləri zaman çərçivələrini elan ediblər. Ölkələrin ardınca bu trendə DYM-li avtomobillərin istehsalından tam imtina etmə planları haqqında bəyan etmiş avtomobil istehsalçıları da qoşulur.

Bəs Azərbaycan avtomobil parkının dünya elektrifikasiya tendensiyasında hansı rolu oynayır? ölkənin bu istiqamətdə perspektivləri necədir?

Statistikaya əsasən, Azərbaycanın elektrik avtomobil parkı hazırda ümumi nəqliyyat sayının cəmi 3%-ni təşkil edir. Avtoparkın elektrikləşdirilməsinin fəal inkişafına əsas maneə kimi zəif infrastruktur və yüksək qiymətlər xidmət edir.

Buna baxmayaraq, bir çox mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilə bazarda elektrokarların payı artıq 15-20% təşkil edəcək. Birincisi, o vaxta elektromobili maneəsiz istifadə etməyə imkan verən infrastruktur yaradılmalı, ikincisi, bu cür maşınların qiyməti ənənəvi avtomobillərdən daha aşağı olmalıdır.

Azərbaycan hökuməti gömrük rəsmiləşdirilməsi zamanı elektromobilləri ƏDV ödənişindən azad etməklə, onlara doğru bir neçə addım atıb. İndi, Azərbaycanda elektromobilin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün advalor dərəcə (vergi tutulan malın dəyərinə faizlə hesablanan gömrük rüsumu dərəcəsi) ilə müəyyən edilən gömrük rüsumlarının yalnız 15%-ni ödəmək lazım olacaq.

Ölkənin elektrik avtomobil bazarının inkişafının yolunda duran əsas problem olduqca zəif infrastruktur, xüsusi olaraq, elektrik vurma məntəqələridir. Bakının özündə bu cür stansiyaları barmaqla saymaq olaraq (onların sayı cəmi üçdür), bu cür məntəqələr haqqında ümumiyyətlə heç nə eşitməmiş rayonlardan isə danışmağa belə dəyməz.

Həmçinin şirkətlərdən biri tərəfindən Azərbaycan bazarına Avropa istehsalçılarının 250-300 elektrik avtomobilinin gətirilməsi planlaşdırılır. Düzdür, onlar hamısı ya kirayə üçün əlçatan olacaq, ya da taksi qismində istifadə ediləcək.

Və ən nəhayət, Naxçıvan avtomobil zavodunun istehsalat obyektlərində Lifan minivenləri bazasında elektromobillərin istehsalının qurulması planlaşdırılır. Hələlik hansı sayda maşının buraxılmasının planlaşdırılması və onların sayı məlum deyil.

Gələcəkdə Azərbaycanın avtomobil parkının elektrifikasiyasının qaçılmaz olmasını nəzərə alaraq, artıq indidən elektromobilin alınması haqqında düşünməyə başlamaq lazımdır.

Azərbaycanda hələ 2020-ci ildə elektrikli və hibrid avtomobillərin istehsalına başlanacağı bildirilmişdi.

Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda milli hibrid, elektrik avtomobillərin istehsalı hazırda mümkün deyil: “Yalnız yığılma mümkündür, çünki avtomobil istehsalı üçün ən azı 25 faiz avadanlıq və ehtiyat hissələri eyni ölkədə istehsal olunmalıdır. Türkiyədə bəzi avtomobillərin ehtiyat hissələrinin 40-45, bəzisində də 50 faizi ölkə daxilində istehsal olunur. Ona görə də Türkiyədə istehsalla məşğuldurlar, Azərbaycanda isə bunun üçün baza, texniki avadanlıqlar, bilgili mühəndislər yoxdur. Yəni, Azərbaycan yaxın zamanlarda öz adı ilə avtomobil istehsal edə bilməz”.

İqtisadiyyat Nazirliyindən media üçün açıqlamada bildirilib ki, bu sahədə hazırda həm ölkənin, həm də region ölkələrinin avtomobil və ehtiyat hissələrinə olan tələbatının öyrənilməsi istiqamətində müvafiq araşdırmalar, eyni zamanda yerli və beynəlxalq investorlarla danışıqlar aparılır, bu sahəyə sərmayələrin cəlb olunması üçün lazımi tədbirlər görülür.

Beynəlxalq təcrübəyə uyğun olaraq, avtomobil istehsalının inkişafı məqsədilə ilk mərhələdə hissə və komponentlərin idxalı və yığımı, sonrakı mərhələlərdə isə bu hissə və komponentlərin ölkədə istehsalının həyata keçirilməsi təşkil olunur. Bu təcrübədən çıxış edilməklə, ölkəmizdə də növbəti illərdə avtomobil hissələrinin istehsalı həyata keçirilə bilər.

İqtisadiyyat Nazirliyi və avtomobil istehsalı ilə məşğul olan yerli istehsalçılar tərəfindən həm hibrid, həm də elektromobillərin istehsalı ilə bağlı xarici investorlarla müzakirələr aparılır. Ölkəmizdə avtomobil istehsalı kəmiyyət və keyfiyyət baxımından müəyyən səviyyəyə qalxdıqdan sonra gələcəkdə həm hibrid, həm də elektromobillərin istehsalı məsələsinə baxıla bilər.

Yerli avtomobil istehsalının dəstəklənməsi, ətraf mühitin təmizliyinin qorunması məqsədilə ölkədə müvafiq aktlar qəbul edilir və ya təkmilləşdirilir. “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli Qərarı qəbul edilib. Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Həmçinin, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu ilin iyununda “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və “Nəqliyyat vasitələrinin utilizasiyası” ilə bağlı müddəalar Qanuna əlavə edilib.

Gömrük Komtəsinin məlumatına görə, 2023-cü ilin ilk 4 ayında Azərbaycana 23 milyon 771 min dollar dəyərində 568 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 2 milyon 920 min dollar dəyərində 92 ədəd elektromobil idxal edilmişdi. Bu il idxal edilən elektromobillərin sayı 6 dəfədən çox artıb.

Beynəlxalq Enerji Agentliyi daxiliyanma mühərriklərindən elektromobillərə keçidin 2030-cu ilə qədər qlobal neft tələbini gündə, ən azı, 5 milyon barel azaldacağını proqnozlaşdırır.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet­lər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəyyənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün də bir sıra tədbirlər nəzərdə tutulur.

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

Devrilmiş Baş nazirin diplomatik pasportu ləğv olundu

Sonrakı məqalə

Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib