Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov məxsusi olaraq AZƏRTAC üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə kənd təsərrüfatının bu mühüm sahəsində əldə olunan inkişaf statistikasını rəqəmlərlə göstərib.
Nazirliyin rəsmisi qeyd edib ki, ölkədə taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 2022-ci ildə 3112.1 min ton olub. Müqayisə olunan dövrdə olan artım arpada 3,3 dəfə, qarğıdalıda 1,9 dəfə, buğdada isə 12,2 faizdir. Taxılın istehsalında buğda 55,8 faiz, arpa 35,4 faiz, qarğıdalı isə 8,8 faiz təşkil edib.
Müqayisə olunan dövrdə məhsuldarlıq göstəriciləri buğdada 21,8 faiz, arpada 20,5 faiz, dən üçün qarğıdalıda isə 32,3 faiz artıb. Belə ki, 2022-ci ildə ölkədə buğdanın məhsuldarlığı 31,9 sent/ha, arpanın məhsuldarlığı 28,8 sent/ha, dən üçün qarğıdalının məhsuldarlığı isə 58,6 sent/ha-ya çatıb.
Onun sözlərinə görə, taxılçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımı müasir texnologiyaların bu sahəyə tətbiq olunmasından irəli gəlir. Belə ki, beynəlxalq təcrübəyə əsaslanan müasir suvarma üsullarının, o cümlədən pivot suvarma sistemlərinin tətbiq edildiyi təqribən 50 min hektardan çox iri taxılçılıq sahələrinin suvarılmasında effektiv nəticələr əldə edilib. Hazırda bu növ suvarma texnologiyalarından istifadənin genişləndirilməsi dövlət tərəfindən təşviq olunur və bu istiqamətdə aparılan uğurlu islahatlar davam etdirilir. Həmçinin taxılçılıqda istifadə edilən yüksək reproduktiv toxumlardan istifadə nəticəsində struktur keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına da nail olunub.
Ölkədə taxılçılıq sahəsi üzrə ixtisaslaşmış texnika sayı da müqayisə olunan dövr ərzində təqribən 2,8 dəfə artıb. Belə ki, 2022-ci ildə taxılyığan kombaynların sayı 3594 ədəd, taxıl toxumu səpən texnika sayı 3967 ədəd səviyyəsinə çatmışdır. Bu sahədə ixtisaslaşmış texnika ilə təminat səviyyəsi müqayisə olunan dövrdə 2,1 dəfə artıb. Hər min hektara düşən taxılyığan kombaynların sayı 1.8-dən 3.8-ə qədər yüksəlib.
Ölkədə taxılçılıq məhsullarının ixracı ilə bağlı təcrübə arpa nümunəsində mövcuddur. Belə ki, arpa ixracı 2018-ci ildə özünün ən yüksək həddinə (42.8 min ton) çatmışdır.
Bununla yanaşı, yerli istehsal potensialı hesabına yem istehsalı üçün ölkəyə idxal olunan qarğıdalının miqdarında ciddi şəkildə azalıb.
İmran Cümşüdov taxılçılıq sahəsində 20 illik dövr ərzində dövlət tərəfindən aqrar sektorda aparılmış islahatlardan da danışıb. Bildirib ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Azərbaycanda rəsmi hökumət siyasətində taxılçılığın, o cümlədən buğda istehsalının təşviq edilməsi qəbul edilmiş müxtəlif normativ-hüquqi aktlarda, dövlət proqramlarında və hökumət strategiyalarında əksini tapan rəsmi təşəbbüslərdə, müxtəlif mexanizmlərdə özünü göstərir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanı əsasında Dövlət Taxıl Fondunun sərəncamçısı olan Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsi yaradılıb. Bu Agentlik ölkənin strateji əhəmiyyətli mallarla, o cümlədən ərzaqlıq buğda ilə təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində fəaliyyət göstərir.
Ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası verilməsinə başlanılıb.
Bundan başqa, dövlət başçısının 2019-cu il iyunun 27-də imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmana əsasən, tətbiq olunan yeni subsidiyalaşma mexanizmi vasitəsilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən taxıl əkinlərinə əkin subsidiyası verilir. Bununla yanaşı, ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı taxıl toxumlarının satışı da subsidiyalaşdırılır.
İmran Cümşüdov qeyd edib ki, aqrar sığorta sisteminin təşkili, inkişafı və dayanıqlılığının təmin edilməsi məqsədilə 2019-cu ildə Prezident tərəfindən müvafiq Fərmanla Aqrar Sığorta Fondu təsis edilmiş və “Aqrar sığorta haqqında” Qanun qəbul edilmişdir. Aqrar sığorta sisteminin inkişafına təkan verən bu islahatlar nəticəsində taxılçılıq məhsullarının sığortalanmasına da başlanılmışdır.
“Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi olub. İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının bərpasından sonra 200 min hektardan çox torpaq sahəsinin əkin üçün istifadə ediləcəyi gözlənilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində taxıl sahələrinin 100 min hektar olması nəzərdə tutulur”, – deyə şöbə müdiri əlavə edib ki, bu ərazilərdə mövcud olan qədim taxılçılıq ənənələri, torpaq və su resurslarının mövcudluğu və əkin strukturunda tarixi yeri nəzərə alınarsa, bu sahəyə cəlb ediləcək yeni ərazilər hesabına taxılçılığın inkişaf tempi daha da sürətlənəcək.