Cari il oktyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 388 min 382 vergiödəyicisinin 87,5 faizi fiziki şəxslər, 12,5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,3 faiz (ümumi artımın 83,2 faizi), hüquqi şəxslərin sayı isə 9,2 faiz (ümumi artımın 16,8 faizi) artıb.
Yanvar-sentyabr aylarında 11 min 515 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 71,3 faizi elektron qaydada, 28,7 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2120-nin (ümumi qeydiyyatın 18,4 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,6 faiz olub.
Doqquz ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1362 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,8 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi Asan İmza vasitəsilə təqdim olunub.
Cari il oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və sair formalarda yaradılıb.
Yanvar-sentyabr ayları ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 76,1 faizi yerli investisiyalı, 23,9 faizi xarici investisiyalı qurumlardır.
Bu ilin 9 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 16,9 faiz artıb.