Azərbaycanın dörd güləşçisi finala yüksəlib –Avropa çempionatı

Serbiyanın Novi Sad şəhərində 17 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, 45, 51, 60, 71 və 92 kiloqramda yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Nicat İsgəndərli (45 kiloqram) debütdə ukraynalı Herman Basarabı çətinliklə də olsa, üstələyə bilib – 12:11. O, bolqarıstanlı Stanislav İvanovu (9:0) da mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Marat Atşemyana (0:8) uduzan Nicat sabah bürünc medal uğrunda norveçli Abubakar Saqayla güləşəcək.

Turan Daşdəmirov rusiyalı Bərəkatullah İsayevə (8:0) və yunanıstanlı Sotirios Ntontosa (11:2) tam üstünlüklə qalib gəlib. 1/4 finalda ukraynalı Maksut Sultanovdan (7:4) güclü olan Avropa və dünya çempionumuz yarımfinalda gürcüstanlı Nika Tsetsxladzeni (3:0) məğlub edib. Turan həlledici görüşdə ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.

Ayxan Cavadov (60 kiloqram) yunanıstanlı Marios Kapantaislə finlandiyalı Matias Arpiaynenə eyni hesabla (9:0) qalib gəldikdən sonra 1/4 finalda rusiyalı Marat Marqiyevi minimal fərqlə (9:8) məğlub edib. Yarımfinalda türkiyəli Melih Yeginlə gərgin keçən qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılan Cavadovun finaldakı rəqibi ermənistanlı Aleks Marqaryan olacaq.

Yusif Əhmədli (71 kiloqram) startda ukraynalı Nikita Jijko (9:0) üzərində inamlı qələbəyə sevinib. 1/4 finalda isveçli Aksel Baffı (3:1), yarımfinalda isə macarıstanlı İmre Kolomparı (7:3) üstələyən Yusif sabah finalda belaruslu Kiril Valeuskiylə qarşılaşacaq.

Səid Paşayev (92 kiloqram) yunanıstanlı Nikolaos Karavanosla belaruslu Artyom Babrovu “tuş”la xalçadan məyus yola salıb. Paşayev litvalı Julius Qikarasla görüşdə də müqavimətlə üzləşməyib – 9:0. Səid finalın bir addımlığında isə bolqarıstanlı Radostin Vasilyevin kürəyini yerə sıxıb. Paşayev qızıl medal uğrunda serbiyalı Stevan Kojiçlə mübarizə aparacaq.

Əvvəlki məqalə

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Sonrakı məqalə

“Sanksiyalar Rusiya ilə bank əməliyyatlarında çətinlik yaratmayıb” –