Azərbaycanın prioritet elan etdiyi həmrəylik mesajı

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans maraqlı müzakirələrlə yadda qaldı.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransda müzakirələr zamanı çıxışçılar xüsusilə Qərbdə cərəyan edən islamofobik düşüncənin fəsadlarından, onun siyasi təzahüründən, eləcə də qarşısının alınması üçün lazım olan tədbirlərdən danışıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə konfransda çıxışında bəyan edib ki, ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib.

“Dinimiz əmin-amanlıq dinidir və İslamdan təxribatlar üçün sui-istifadə olunması yolverilməz haldır. Təəssüf ki, Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumların bu halı pisləməsinə baxmayaraq, islamofobiya hələ də davan edir. Son dövrlər Avropanın daha çox ölkəsində islamofobiyanı müşahidə etmək mümkündür”-deyə QMİ sədri çıxışında vurğulayıb.

Şeyxülislam deyb ki, islamofobiya beynəlxalq hüquq normalara riayət olunmamasının, ikili standartların davam etməsinin göstəricisidir.

Daha sonra konfrans iştirakçıları ilə iqamətgahında görüşən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dini həmrəylikdən danışıb.

“Ölkəmizdə müxtəlif dinlərə etiqad edən şəxslər birlikdə rahat şəkildə yaşayırlar. Biz bunu 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də gördük, bütün xalqların nümayəndələri Vətən uğrunda birgə mübarizə apardılar”, – deyə şeyxülislam əlavə edib.

Çoxkonfessiyalı bir dövlətin göz bəbəyi kimi qoruduğu tolerantlıq prinsipləri mühüm əhəmiyyət daşıyır.

Belə mühitin yaranması asan başa gəlməyib. Son 30 ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətinin əsas hədəfi mədəniyyətlərarası dostluğun, multkultural bazanın möhkəmləndirilməsi olub. Dövlətimizin formalaşdırdığı bu mədəni platforma dünyaya  mulkultural inteqrasiya üçün əməkdaşlıq çağırışlarıdır.

Təsadüfi deyil ki, bir neçə il əvvəl Vatikanın rəhbəri Papa Fransisk Azərbaycanı “əsl tolerantlıq nümunəsi” adlandırmışdı.

“Dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir”-deyə Papa prezident İlham Əliyevə demişdi.

Prezident İlham Əliyevin tolerantlıq və multkulturalizm siyasətinə əsaslanan bu model dini və etnik mənsubiyyətindən asılı olmayaraq xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir.

44 günlük müharibə zamanı Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Azərbaycan Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanın ABŞ-ın nufuzlu “Newsweek” nəşrində “Qarabağın gələcəyi üçün inancda birləşmək” adlı birgə məqaləsi Qarabağda müharibənin dini çalar verməyə çalışan Ermənistana və onun havadarlarına zərbə oldu və çoxkonfessiyalı ölkəmizdə dindarların vahid platformasının göstəricisi kimi mesajını verdi.

Dini və milli “kartlar” üzərindən siyasi avantura quranların ilk hədəfi çoxkonfessiyalı cəmiyyətlər olur. Bu qüvvələr bunun üçün hər xırda fürsətdən yararlanmağa can atırlar. Dini şüarlarla pərdələnmiş maraq dairələrinin cəmiyyətə fokuslanan “yumşaq güc” metodu məkrli niyyətlərini ortaya qoyur.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda belə məkrli siyasətə qarşı aparılan prosesin vacib detalı kimi çıxış edir. Təhlükəsizlik məsələsinin vacibliyini önə çıxaran bu məsələ hakimiyyətlər üçün milli və dini həmrəyliyi zərurətə çevirir.

Ukrayna savaşı ilə geopolitik böhran girdabına düşən dünyada bu gün çox mürəkkəb durum yaranıb. Belə vəziyyətdə Qafqaz regionundakı dövlətlərdən həssas yanaşma tələb edir.

Bu gün xarici dairələrin bütün cəhdlərinə rəğmən ölkədə dini kəsimdə heç bir pərakəndəlik yoxdur, konfessiyalar arası ziddiyətlər müşahidə olunmur. Özünün tolerant ənənələri ilə fəxr edən Azərbaycan  ən mötəbər kürsüslərdən bu humanist və ülvi dəyərlərlə söykənən nümunəsini dünya ilə bölüşməyə hazır olduğunu daim bəyan edir.

Azərbaycan bu risklərin qarşısına dinlərarası barışı və mehribanlığı ehtiva edən dövlət siyasəti ilə çıxır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi böyük bir humanitar platformanın özəyini  tolerantlıq prinsipləri təşkil edir. Azərbaycanın beynəlxalq təhdidlərə qarşı bəyan etdiyi multkulturalizm və tolerantlıq siyasətinin məğzində eyni zamanda ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılması durur.

Azərbaycanın dünyaya təqdim etdiyi multikultural model dostluq və birgəyaşamın mükəmməl modelidir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu model vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir.

Bütün bunlar isə din, hakimiyyət və cəmiyyət arasında vəhdət yaradır,  mədəniyyətlər arasında qarşılıqlı dialoqu təşviq edən platformanı müəyyən edir. Bu da öz növbəsində prezident İlham Əliyevin siyasi iradəsi ilə yürüdülən multkultural siyasi kursun uğurla həyata keçməsinə öz töhfələrini verir.

Azərbaycan tolerantlıq ideyalarını təbliğ edərkən həm də problemlərin siyasi həll yolunu təklif edir.

Azərbaycan tolerantlıq prinsiplərini  özündə daşıyan siyasi prioritetlərinin təbliğində əlindən gələni əsirgəməyib. Bakı çıxış etdiyi bütün tribunalarda bəşər əhlini qardaşlığa, mərhəmətə çağırıb.

Bütün məclislərdə dini konfessiya rəhbərləri ilə birgə oturan, beynəlxalq tədbirlərdə birgə gedən Prezident İlham Əliyev bu əməkdaşlıq platforması ilə dünyaya ölkəmizin multkultural mesajını çatdıra bilir.

Bu isə Azərbaycanın mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq platformasının möhkəm bazasının qurulmasında mühüm rol oynayır.

Cəmiyyəti birləşdirəcək  fundamental ideya olan multkulturalizm ölkəmizin yüzillərlə dayanan mədəni birliyindən qaynaqlanıb.  Bu mədəni birlik isə vətəndaşları dövlət və vahid vətən ideyası ətrafında birləşdirib.

A.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

 

 

 

 

Əvvəlki məqalə

Büdcənin icrasında 7 faiz profisit yaranıb

Sonrakı məqalə

Xolesterinin səviyyəsini azaltmağın sadə yolu