Azərbaycanın turizm brendi Londonda mükafatlandırılıb

09 Noyabr 2019 - 00:48

Azərbaycanın “Bir daha bax” ( Take another look ) şüarına əsaslanan turizm brendi Londonda turizm üzrə keçirilən “City Nation Place Global” (Şəhər Millət Məkan Qlobal) forumunda mükafata layiq görülüb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, müxtəlif regionlardan olan 24 nominant ölkə arasında 5 kateqoriya üzrə keçirilən müsabiqədə Azərbaycanın ölkə turizm brendi “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası üzrə qalib olub.

Müsabiqənin nəticələri Böyük Britaniyanın “City Nation Place” adlı tədbirlər və marketinq üzrə ixtisaslaşmış nüfuzlu təşkilatı tərəfindən hər il “Dünya Səyahət Bazarı” sərgisi ərəfəsində keçirilən qlobal forumda elan olunub. Artıq beşinci ildir ki, forum dayanıqlı turizmi inkişaf etdirmək, turizmə investisiya qoyuluşlarını stimullaşdırmaq və daha çox insanı bu prosesə cəlb etmək məqsədi ilə dünya turizm sənayesinin iştirakçılarını bir araya toplayır.

Xatırladaq ki, müxtəlif ölkə və regionların brend, marketinq, kommunikasiya üzrə turizm məhsulları arasında keçirilən müsabiqədə “Dizaynın ən yaxşı istifadəsi” nominasiyası məkanın brend strategiyasının araşdırılması, kreativ yanaşma, hədəf auditoriya ilə iş və s. kimi xüsusiyyətlər nəzərə alınaraq verilir.

Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin beynəlxalq ictimaiyyətə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” sərgisində baş tutub