“Azərbaycanla imzalanan protokol böyük uğurdur” –PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə ötən gün imzalanan müvafiq protokolu böyük uğur adlandırıb.

Hökumətin iclasında çıxış edən Nikol Paşinyan bildirib ki, sözügedən sənəd ölkəsinin suverenliyi və təhlükəsizliyinin möhkəmləndirilməsinin təməl prinsipini təşkil edir.

“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi şəkildə delimitasiya olunmuş sərhədə malikdir. Bu isə təkcə protokolda əks olunan istiqamətdə deyil, bütövlükdə Ermənistan-Azərbaycan sərhəd xəttinin hər perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini yüksəldəcək”, – Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı həmçinin Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Birgə Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib.

Baş nazir Paşinyan onu da bildirib ki, Azərbaycanla sərhədlərin delimitasiya prosesi SSRİ-nin 1976-cı ilə aid və yeganə hüquqi qüvvəyə malik olan xəritələri əsasında həyata keçirilir.

Hökumətin iclasında çıxışı zamanı o həmçinin bu xəritələrin hələ 1979-cu ildə dəqiqləşmə prosesindən keçdiyini xatırladıb.

Nikol Paşinyan əlavə edib ki, delimitasiya proseduru zamanı ölkəsinin Sovet dövrünə aid xəritələri əsas kimi qəbul etməməsi regionda davamlı gərginliyə səbəb ola bilərdi: “Ölkələrimiz arasında yeni sərhədlərin yaranmaması, Almatı bəyannaməsindəki sərhəd xətlərinin əsas götürülməsi bizim üçün prinsipial məsələdir. SSRİ-nin hüquqi qüvvəyə malik olan son xəritələri hazırda əlimizdədir”.

Əvvəlki məqalə

Nobel mükafatı laureatı Əziz Səncər Azərbaycana gələcək

Sonrakı məqalə

Bəzi bölgələrə leysan yağıb