Ukraynanın paytaxtı Kiyevdən cəmi 20 kilometr uzaqlıqda yerləşən İrpen şəhərinə yaxınlaşdıqca ölüm qoxulu yolda olduğumu hiss etməkdə idim. Kiyevdən İrpenə gedən yolda ilk qarşılaşdığım mənzərə partladılmış körpü və məhv edilmiş zirehli texnika və tanklar oldu.
Mənzərənin acınacaqlı olacağını bilirdim, çünki Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların elə ilk günlərində İrpendə dəhşətli döyüşlər getmişdi. Şəhərin yarısında binalar, yaşayış evləri, infrastruktur dağıdılıb, mülki şəxslər həlak olub. İrpen şəhər meriyasının məlumatına görə, şəhərdə 300-dən çox mülki şəxs və 50-dən çox hərbçi həlak olub. Məhz buna görə də bu döyüşlərdə öldürülənlər üçün yeni qəbiristanlıq da salınıb.
İrpen şəhəri İkinci Dünya müharibəsindən sonra bu cür dağıntılara məruz qalmamışdı. Müharibənin qalıqları küçə və yollarda açıq-aşkar hiss olunurdu, qara libasını geyinmiş şəhər isə yazın gətirdiyi xoş ab-havaya hazır deyil. Şəhər tam boş idi, yalnız hərbi postları görmək olurdu. Qeyd etmək yerinə düşər ki, İrpenə “Qəhrəman şəhər” adı verilib.
AZƏRTAC İrpen şəhərindən məxsusi foto və videoreportajı təqdim edir.