“Azərenerji”nin rəhbərinin qardaşı

"Azərişıq"ın 17 milyon manatlıq tenderini udub
12 Aprel 2020 - 09:20

“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

Azpost.info Yeniavaz.com-a istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Göknur Bakı LTD” MMC olub.

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə “Göknur Bakı LTD” MMC şirkətinə 17 milyon 264 min 667 manat 1 qəpik ödəycək.

Məlumat üçün bildirək ki, “Göknur Bakı LTD” MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.

Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.

Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhmdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də “Göknur Bakı LTD” MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki,  satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz. Eyni zamanda 13-cü maddənin 2.2 bəndində qeyd olunur ki, satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi ola bilməz.

Qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan “Göknur Bakı LTD” MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender udmasına münadsibət bildirən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeniavaz.com-a verdiyi açıqlmada bildirdi ki, keçirilən tenderlə bağlı onda məlumat yoxdur: “Rahib Rzayevin Baba Rzayevin qardaşı olduğunu da bilmirəm”.

“Azərişıq”ın sözçüsü qeyd etdi ki, hazırda xaricdən elektrik malları almaq çətin olduğu üçün yerli şirkətlərə üstünlük verirlər: “Azərişıq”ın keçirdiyi tenderlər rəsmi qəzetlərdə dərc olunur, nəticəsi açıqlanır. ASC-nin mal-materiallara ehtiyacı var və bunu qarşılamaq üçün bir-neçə şirkətdən məhsul alır”.

Keçirilən tenderin qanunvericiliyə uyğun olub-olmadığını bilmədiyi deyən Tanrıverdi Mustafayev qeyd etdi ki, belə bir məsələ varsa bunu siz araşdırıb müəyyən edin.

“Azərişıq”ın bu cür tender qəribəlikləri əvvəllər də olub…

Ötən ilin oktyabr ayında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə “Qlobal-Elektro” MMC arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb.

“Qlobal-Elektro” MMC mütəmadi olaraq “Azərişıq” ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində “Azərişıq” ASC ilə 48 min manatlıq müqavilə imzalayıb. Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, “Azərişıq” cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra “Azərişıq” “Qlobal-Elektro” ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.

Qeyd olunan tarixlərdə “Azərişıq” daha bir şirkətlə “Elektrik Təchizat” MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində “Qlobal-Elektro” və “Elektrik Təchizat” şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub.