Azərbaycan Hindistanda keçirilən turizm sərgisində iştirak edir

Hindistanın Mumbay şəhərində təşkil olunan “OTM Mumbai 2022” beynəlxalq sərgisində Azərbaycan milli stendlə təmsil olunur.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu ilə yanaşı, sərgidə 10 yerli turizm şirkəti də iştirak edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın, o cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, Azərbaycana səfər imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Martın 16-na kimi davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosu tərəfindən ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlərin və seminarların keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı Azərbaycana tanışlıq səfərlərinin və birbaşa aviauçuşların təşkili ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.

Sərgi çərçivəsində panel müzakirələrində iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov Hindistan bazarının Azərbaycan üçün prioritet bazarlardan biri olduğunu, hindistanlı turistlərin istirahətlə yanaşı işgüzar turizm, toy və digər turizm növlərinə üstünlük verdiklərini diqqətə çatdırıb. O, cari ilin fevralın 15-dən Hindistanın hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələr sırasında olduğunu, bunun iki ölkə arasında səfər saylarının artmasına müsbət təsir edə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, sərgiyə 55 ölkədən 1100-ə yaxın iştirakçı, 30000-dən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssisin qatılması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 184 Azərbaycan vətəndaşı Ukraynadan təxliyə edilib

Sonrakı məqalə

İdmançı Zaur Yusifov marketdə güllələnib –