Azərbaycanda vergilərin ödənilməsinin son müddəti açıqlanıb

Azərbaycanda xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 20 aprel) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti müəyyən edilib.

APA-Economics”in Vergilər Nazirliyə istinadən verdiyi xəbərə görə, fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti 6 aprel 2020-ci ildir.

Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti isə 21 aprel 2020-ci il müəyyən edilib.

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı: https://www.taxes.gov.az/az/post/1016.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib.

Habelə həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa yoluxanların sayı 641-ə çatıb

Sonrakı məqalə

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək