“Azərbaycandan 1 milyon turist qeydə alınıb…70 faizi ziyarət üçün müraciət edir” –İran Mədəniyyət Mərkəzinin rəhbəri

“İrana ən çox səyahət edən ölkələr arasında Azərbaycan ikinci yeri tutur. Pandemiyadan öncə, Azərbaycandan İrana ildə 1 milyondan artıq turistin gəldiyi qeydə alınıb”.

Azpost.info bildirir ki, bu sözləri versus.az-a müsahibəsində İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əli Purmərcan deyib.

O bildirib ki, bu sırada dini turizm mühüm yer tutur: “Azərbaycandan çox sayda insanlar Məşhəd ziyarətinə gedirlər. Ötən ay Bakıda olan nazir Zərgami Mədəniyyət mərkəzində Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın turizm agentliklərinin rəhbərləri ilə görüşdü. Turistlərin çoxu sözügedən agentliklər  vasitəsilə İrana səfər edirlər. Həmin görüşdə də qeyd olundu ki, Azərbaycandan İrana gedən turistlərin 70 faizindən çoxu Məşhəd ziyarətinə getmək üçün müraciət edir. Bundan başqa Qum şəhərini və digər İmamzadələri ziyarət edirlər”.

Purmərcannın sözlərinə görə, turizmdə digər yeri tibbi turizm tutur. “Azərbaycanlı qardaşlarımızın əksəriyyəti  müalicə məqsədi ilə Təbrizə, Urmiyəyə, Tehrana gedirlər”.

Mədəniyyət Mərkəzinin sədri vurğulayıb ki, İrandan olan tələbələr Azərbaycan ali məktəblərində oxuyur:  “İki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri, sazişlər imzalanıb. Bu müqaviləyə əsasən, hazırda Azərbaycan Tibb Universitetində 860 nəfərdən artıq iranlı  gənc təhsil alır. Xəzər universitetində həm iranlı tələbələr təhsil alır, həm də İrandan olan müəllimlərimiz çalışırlar. Ali Neft Məktəbində və digər universitetlərdə də tələbələrimiz oxuyur  və iranlı müəllimlər dərs deyirlər”.

Purmərcanın sözlərinə görə, Azərbaycandan olan tələbələr İranda daha çox dini, mədəniyyət, tibb sahəsində təhsil alırlar:  “Təbriz Tibb Universitetində və digər universitetlərimizdə Azərbaycandan olan gənclər üçün yerlər ayrılıb. Onu da qeyd edim ki, İranda tibb təhsili almaq istəyən azərbaycanlı gənclər  çox az məbləğ ödəyirlər.  Ötən il 17 nəfər azərbaycanlı oğlan və qız Təbriz Tibb Universitetinə qəbul olub. Bu il də 17-18 nəfər qeydiyyatdan keçib”.

 

Əvvəlki məqalə

Litva Belarusla sərhəddə 502 kilometrlik hasar çəkdi

Sonrakı məqalə

Ukrayna Ordusu Xerson istiqamətində əks-hücuma keçib –