“Azərbaycanın Avrasiya Birliyinə üzv olmasına ciddi səbəb yoxdur” –Natiq Cəfərli

“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına ciddi səbəb yoxdur”.

Azpost.info bildirir ki, bu barədə REAL Partiyası Siyasi komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli  bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ixracatının cəmi 5.7 faizi MDB ölkələrinədir: “İdxalda bu pay 27 faizə yaxındır. Amma təkcə Çinin payı 20, Türkiyənin isə 17-18 faizdir. Rəqəmsal baxdıqda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına ciddi səbəb yoxdur. Yeganə üstünlük gömrük və vergi dərəcələri ilə bağlı ümumi qərarların verilməsidir. Bununla da Azərbaycanın Rusiya daxil MDB ölkələri ilə ikitərəfli sazişləri var. O cümlədən, Ukrayna və Gürcüstanla da belə saziş imzalanıb. Belə olduqda Azərbaycanın birliyə üzvlüyü heç bir üstünlük gətirmir, əksinə, problemlər yaradır”.

O vurğulayır ki, məhz AİB-ə üzvlüyə görə dolayı sanksiyalarla üzləşmək təhlükəsi yaranıb: “Məsələn, Qazaxıstan və Qırğızıstan “Mir” kredit kartlarının dövriyyəsini və bank əməliyyatlarını qadağan etdi. Amma Azərbaycan birliyə üzv olmadığından belə bir problemi yoxdur”.

Natiq Cəfərli Azərbaycanın Rusiyaya yaxınlaşması fikrini qəbul etmir: “Azərbaycan bütün iqtisadi layihələrində göbəyindən Qərbə bağlıdır. İnvestisiyaların hər 10 dollardan 8 dollarını Qərb qoyub, ixracatın 51 faizi Avropa Birliyi ölkələrinədir. Faktiki olaraq, enerjidaşıyıcılardan başqa sata biləcəyimiz malımız da yoxdur. Bunlar da Rusiyaya lazım deyil, çünki Rusiya sanksiyalara görə özünün enerji məhsullarını satacaq yer tapa bilmir. Məntiqlə baxdıqda Azərbaycanın iqtisadiyyatı Qərbə o qədər inteqrasiya olub ki, bunun Rusiya ilə əvəz edilməsi nəinki sərfəli, riyazi baxımdan mümkün deyil”.

Əvvəlki məqalə

Əfv Komissiyasının iclası keçirilib

Sonrakı məqalə

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib