Azərbaycanın multkultural inteqrasiya üçün çağırışları

Zəngin mədəni irsi və dini tolerantlıq ənənələri olan Azərbaycan hazırda mədəniyyətlərarası dialoq məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir.

Bu özünü 2008-ci ildən bəri yürütdüyü və “Bakı prosesi” adı verilmiş yeni pltaformasında bariz şəkildə göstərir. Bu platformada səslənən mesajlar Azərbaycanın multkultural inteqrasiya üçün yeni çağırışlarıdır. Bununla da dövlətimiz  Azərbaycan multikulturalizmini xarici siyasətimizdə önə çıxarıb. Bu isə milli-dini əməkdaşlıq konsepsiyalarının  yaranmasını sürətləndirib.

Təsadüfi deyil ki, multkultural inteqrasiya hazırkı qloballaşan  dünyamızda siyasətin vacib detalı kimi çıxış edir. Qloballaşmanı isə təkcə, siyasi və sosial-iqtisadi proseslə xarakterizə etmək düzgün deyil. Tədqiqatçılar qloballaşmanın cəmiyyətin bütün sahələrini, o cümlədən milli-dini -mədəni sahəni də əhatə etdiyini göstərirlər.

Odur ki, “Bakı prosesi” dünyaya belə mədəni platformada mulkultural əməkdaşlığı təklif etməklə bu qlobal ideyanın daşıyıcı və təşviqatçısı kimi çıxış edir. Azərbaycanın bu mənada böyük rolu həm də ondadır ki, dünyanı multikulturalizmin qlobal ideya olaraq qəbul edilməsinə çağırışlar edir.

Bu baxımdan dinlərin qarşılıqlı dialoquna nail olmaq Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezident İlham Əliyevin elan etdiyi multkulturial siyasəti ilə MDB məkanında aparıcı dövlətə çevrilə bilib. Bu siyasətin mühüm detalı dini tolerantlıq və bu zəmində yürüdülən siyasətdir.

Azərbaycanda həyata keçirilən dinlə bağlı siyasətin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir. Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir.

Azərbaycanın dünya dövlətlərinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgəyaşamasını təmin edən mükəmməl modeldir. Müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşıyıcısı olan insanların birliyini ehtiva edən bu modelin uğuru artıq dünya tərəfindən etiraf olunur və vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipi kimi çıxış edir.

Qafqazda islamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir. Qeyd edək ki, Qafqazda islamın yayılması, əsasən, Azərbaycandan başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan Qafqazda islam dəyərlərinin, islam sivilizasiyasının yayılması və inkişaf etməsində xüsusi rol oynayıb.

Bölgəmizin həssas məkanda yerləşməsi tarixən buranı böyük güclərin mübarizə meydanına çevirib. Öz maraqları üçün burada yaşayan  xalqları dini və milli zəmində üz-üzə qoymaq siyasəti aparanlar öz işğalçılıq siyasətlərini həyata keçirmək üçün həmişə din amilindən istifadə ediblər. Bu baxımdan Rusiyada çarizmin yürütdüyü siyasət məzhəblərarası ixtilafı körükləməklə Asiyada öz mövqeyini gücləndirmək cəhd edirdi.

Amma Azərbaycan xalqının bu siyasətə boyun əyməməsi və dini qarşıdurmaya yol verməməsi bir çox hallarda bu xəbis niyyətlərin baş tutmasına mane olub. Bunun kökü isə Azərbaycanın Qafqazda islamı qəbul etmiş ilk xalq olması faktı mühüm rol oynayıb. Tarixi faktlar onu göstərir ki, Azərbaycandan şimalda olan xalqlar bizdən fərqli olaraq islamı yalnız XV -XVI əsrlərdə qəbul ediblər. Odur ki, deyə bilərik ki, islamın yolu Azərbaycandan keçib. Faktlar göstərir ki, Azərbaycanda dini tolerantlıq mədəniyyəti tarixən yüksək olub. Burada dinlərin və məzhəblərin bərabər və sülh içində yaşaması tarixin bütün mərhələlərində müşahidə olunub.

 

Azərbaycan xarici ölkələrdə tolerantlıq prinsiplərini təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir. Bununla da Bakı özünün humanist missiyası ilə    qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

Tolerantlıq və vətəndaş həmrəyliyi ideyası ölkənin təhlükəsizliyini təmin edən zəruri faktorlardandır.  Ölkəmiz zaman-zaman müxtəlif  qüvvələrin dini təcrübə plantasiyasına çevirmək cəhdləri ilə üzləşib.

Araşdırmalar göstərir ki, dövlətlə  dini kəsimin əməkdaşlığı onlar bir-birinə dəstək verdikləri zaman daha uğurlu və effektli olurlar. Din və dövlət müxtəlif, amma paralel yollarla addımlayır.  Bu isə dövlət üçün hazırkı dövrdə çox vacib olan təhlükəsizlik məsələsini aktuallaşdırır.

Bu məsələdə əsas olan ölkənin milli təhlükəsizliyinə olan təhdidlərin neytrallaşdırılmasıdır. Bu sırada dini müstəvidə olan sabitlik ölkə üçün vacib məsələyə çevrilib.

Bu gün dünyada dövlətlər üçün milli təhlükəsizliyin əsas elementlərindən biri dini faktordur. Bu baxımdan  ənənəvi dini konfessiyaların vətəndaş cəmiyyəti və dövlət tərəfindən dəstəklənməsi Azərbaycanda dini təhlükəsizliyin təmin olunmasında əsas mexanizmdir.

Ekspertlərin fikrincə, dini təhlükəsizlik fərdin, cəmiyyətin və dövlətin dini sahədə həyati əhəmiyyətli maraqlarını  xarici və daxili təhlükələrdən müdafiəsini təşkili deməkdir.

Qeyd olunduğu kimi müasir dünya dövlətlərin dini təhlükəsizliyinə yeni təhdidlər doğurmaqdadır. Bu tendensiya belə təhdidlərin kompleks şəkildə neytrallaşdırılmasını tələb edir. Bu mənada dini təhlükəsizlik milli təhlükəsizliyin əsas elementlərindən biri sayılır.

Aparılan araşdırmalar göstərir ki, ənənəvi dinlərin köməyi olmadan cəmiyyətin  dini təhlükəsizliyini təkbaşına təmin etmək dövlət üçün çətin olur. Məsələ bundadır ki, dövlət dini təhsil, ənənələr, dini bayramlar kimi məsələlərin tənzimlənməsində çətinlik çəkir. Məhz dini ənənələrə müdaxilə çox vaxt milli təhlükəsizliyə təhdid yaradır.

Odur ki, Azərbaycanın dini təhlükəsizliyi burada yaşayan bütün xalqların dinlərinin və ənənələrinin sabit inkişafı kimi başa düşülür. Bu şəraitdə dini ənənələrin və tolerantlıq prioritetlərin müdafiəsi vacib məsələlərdən biri kimi çıxış edir.  Odur ki, milli təhlükəsizlik sahəsində mütəxəssislər dövlətə bu sahədə əsas təminatçı kimi baxırlar.

Azərbaycan xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğ edərkən təkcə özünün ideyalarını deyil, həm də problemlərin siyasi həll yolunu da təklif edir.Bununla da Bakı özünün humanist missiyası ilə    qlobal təhlükəyə qarşı birgə mübarizədə Azərbaycanı vacib tərəfdaş kimi təqdim edir.

 

X.SƏFƏROĞLU

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

 

 

Əvvəlki məqalə

“Ukraynada xüsusi əməliyyat tezliklə başa çatacaq”

Sonrakı məqalə

Jurnalist Zahir Əmənov azadlığa buraxılıb