“Azərbaycanla imzalanan memorandum qaz idxalını artırmağa imkan verəcək”- Von der Lyayen

Müharibədən əvvəl Rusiya məqsədli şəkildə Avropaya qaz ixracını artıq azaltmağa başlamışdı.

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Aİ-nin 12 ölkəsi Rusiyadan gələn qazın qismən azalması və ya tamamilə kəsilməsindən təsirlənib.

Avropa Komissiyasının Prezidentinin sözlərinə görə, Avropa Rusiya qazından asılılığı azaltmaq üçün böyük işlər görür: “Biz Rusiyadan daha etibarlı tərəfdaşlar tapmaq üzərində işləyirik”.

Von der Lyayen ABŞ, Qətər, Əlcəzair və Misirlə aparılan danışıqları qeyd edib.

“İki gün əvvəl Azərbaycanla Anlaşma Memorandumu imzaladıq ki, bu da Avropaya qaz idxalını artırmağa imkan verəcək”, – o əlavə edib.

Von der Lyayen vurğulayıb ki, Avropa həm də gələcəkdə əsas enerji mənbəyinə çevriləcək bərpaolunan enerji üzərində işləyir.

Ursula von der Lyayen onu da bildirib ki, Rusiyadan qazın dayandırılması Aİ ölkələrindən bəzilərinə ağır, bəzilərinə isə daha yüngül təsir edir: “Ancaq nəticə etibarilə bu bizim vahid bazarımıza, bütün Avropaya təsir edəcək. Böhran anında həmrəy olmalı, birgə hərəkət etməliyik. Eyni zamanda, bu prosesə bütün ölkələr töhfə verməli, ehtiyac olarsa, qaz ehtiyatlarını digər üzv ölkələrlə bölüşməlidir. Üzvlərimiz bir-birinə güvənməlidir. Biz indi çətin sınaqla üzləşmişik”(apa).

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi valideynləri uşaqlarını peyvənd etdirməyə çağırır

Sonrakı məqalə

SOCAR-ın gəlirləri Türkiyədə 131 faiz artıb