“Azərpoçt” bayram günləri üzrə xidmət statistikasını açıqlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar olaraq vətəndaşlara növbəli iş rejimində xidmət edib. 2022-ci ilin dekabrın 31-i, bu ilin yanvarın 1, 2, 3, 4-də respublika üzrə əvvəlcədən müəyyən edilmiş poçt şöbələri fəaliyyət göstərib.

Bu günlər ərzində “Azərpoçt” şöbələrində ümumilikdə 33 min 888 ədəd məktub qəbulu və göndərilməsi icra olunub. Daxil olan beynəlxalq məktub sayı 476 ədəd təşkil edib.

Bundan əlavə, ölkəyə xaricdən 489 ədəd bağlama daxil olub, ölkədən isə 344 ədəd bağlama göndərilib. Ölkə daxilində isə 182 ədəd bağlama və 33 min 412 ədəd məktubun ünvanlara göndərilməsi təmin olunub.

Bayram günlərində quruma məxsus “169” Çağrı mərkəzi də fasiləsiz olaraq, gecə-gündüz rejimində fəaliyyət göstərib. Beş gün ərzində 1140 zəng qəbul edilib.

Vətəndaşları ən çox maraqlandıran suallar mərkəzi poçt şöbələrinin iş rejimi (177 zəng), poçt indeksləri (218 zəng) və maliyyə xidmətləri (131 zəng) barəsində olub.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələri bayram günlərində vətəndaşların məmnunluğunu təmin etmək üçün növbəli iş rejimi ilə fəaliyyət göstərir. Vətəndaşlarla aktiv ünsiyyətin qorunub saxlanması məqsədilə “169” Çağrı mərkəzi ilə yanaşı, qurumun sosial media hesabları vasitəsilə də müraciətlərin cavablandırılması təmin edilir.

“Azərpoçt” ənənəvi poçt xidmətlərindən başqa bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətləri göstərir.

Əvvəlki məqalə

“Amazon” rəhbərliyi 18 mindən çox işçini ixtisar edəcək

Sonrakı məqalə

Metronun “Həzi Aslanov-Dərnəgül” istiqamətində qatarda nasazlıq yaranıb –