Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında baş verən təxribatı pisləyib.
XİN-dən verilən məlumata görə, 27 avqust günorta saatlarında naməlum şəxslər tərəfindən səfirliyin qonaq evinin qarşısına Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
Nazirlik hadisəni qətiyyətlə pisləyərək bunun qəbuledilməz olduğunu bildirib.
XİN hesab edir ki, sözügedən təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə bilər. Nazirlik, həmçinin insidentin son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan “çirkin və qərəzli kampaniyanın” tərkib hissəsi olmasının istisna edilmədiyini vurğulayıb.
Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını hadisəyə hüquqi qiymət verməyə çağırıb.
Nazirlik insidentin hərtərəfli araşdırılmasını, eləcə də gələcəkdə bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsini tələb edib.
XİN Vyana Konvensiyasını xatırlatdı
Azərbaycan XİN Rusiyanın diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərinə də diqqət çəkib.
“Rusiya tərəfinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməsini gözləyirik”, – deyə XİN bildirib.