Azərbaycanda 3200 illik sirli mətbəx tapıldı –Qədim insanların menyusu heyrətləndirdi

Beynəlxalq arxeoloqlar qrupu Azərbaycanın qərbində yerləşən Tava Təpə arxeoloji ərazisində 3200 il yaşı olan mərasim mətbəxi aşkar edib.

Tunc dövrünün sonlarına aid olan bu kompleks bir neçə əsr ərzində dəfələrlə yenidən qurulub və istifadə edilib. Maraqlıdır ki, sonrakı nəsillər əvvəlki sobaları, qabları və qida qalıqlarını ərazidən təmizləmək əvəzinə onların üzərində yeni tikililər yaradıb.

Məhz bu xüsusiyyət qədim insanların kollektiv mərasimləri və qida hazırlığı ilə bağlı izlərin minilliklər ərzində qorunub saxlanmasına imkan verib.

3200 illik tikilinin unikal quruluşu

Arxeoloqların aşkar etdiyi mərasim mətbəxi özünəməxsus memarlıq xüsusiyyətləri ilə diqqət çəkir.

Tikili palçıq kərpic və döyülmüş torpaqdan hazırlanıb və təxminən 15 metr diametrə malikdir.

Giriş hissəsi iri taxta sütunlarla dəstəklənib. Tikilinin üzərində isə onu yağış və digər hava şəraitindən qoruyan qamış və kol örtüyündən hazırlanmış damın olduğu ehtimal edilir.

Mətbəxin hündür bir terras üzərində yerləşməsi onun uzaqdan asanlıqla görünməsinə imkan verib.

Tikilinin mərkəzində isə əsas ocaq sistemi yerləşib. Burada müxtəlif ölçülü yemək qablarını qızdırmaq üçün istifadə edilən səkkiz ayrı ocaq aşkar olunub.

3200 il əvvəl insanlar nə yeyirdi?

Arxeoloqların araşdırması qədim insanların qida menyusu barədə də maraqlı məlumatlar ortaya çıxarıb.

Dulusçuluq nümunələrində aparılan kimyəvi analizlər nəticəsində darı sıyığının bal ilə qarışdırılaraq hazırlandığı və mal əti ilə birlikdə təqdim edildiyi müəyyənləşdirilib.

Bu məlumat Tava Təpədə yaşayan insanların yalnız gündəlik qidalanması haqqında deyil, həm də mərasimlər zamanı hansı yeməklərə üstünlük verdikləri barədə təsəvvür yaradır.

Qədim çörəklərin üzərində naxışlar olub

Qazıntılar zamanı dekorativ terrakota möhürlər də tapılıb.

“Pintadera” adlandırılan bu gil möhürlərdən çörək bişirilməzdən əvvəl onun üzərinə müxtəlif həndəsi naxışlar vurmaq üçün istifadə edildiyi bildirilir.

Bundan başqa, arxeoloqlar mərasimlərlə əlaqəli digər əşyalar da aşkar ediblər.

Onların arasında qara cilalanmış keramika nümunələri, qurban təqdimləri üçün çuxurlar və insan fiqurlarını xatırladan kiçik gil heykəlciklər var.

Bəzi heykəlciklərin xüsusi olaraq torpağın altında möhürlənərək saxlanıldığı müəyyənləşdirilib.

Qafqaz üçün nadir arxeoloji tapıntı

Tədqiqat Katania Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı ilə aparılıb.

Tədqiqatçıların bildirdiyinə görə, bu xüsusiyyətlərə malik analoji tikili indiyədək Qafqazda aşkar edilməyib.

Tava Təpənin yerləşdiyi ərazi qədim dövrdə Kür çayı hövzəsi ilə Qafqaz dağları arasında hərəkət edən köçəri icmalar üçün mühüm keçid və dayanacaq məntəqəsi olub.

Arxeoloqlar hesab edirlər ki, burada təşkil olunan kollektiv süfrələr yalnız qidalanma məqsədi daşımayıb. Birlikdə yemək yemək müxtəlif tayfaların və icmaların əlaqələrini gücləndirən, onların sosial bağlarını və mədəni kimliyini qoruyan mühüm mərasimlərdən biri olub.

Beləliklə, Tava Təpədə aşkar edilən 3200 illik mətbəx yalnız qədim insanların necə yemək hazırladığını deyil, minilliklər əvvəl Cənubi Qafqazda insanların necə bir araya gəldiyini, hansı qidaları istehlak etdiyini və sosial münasibətlərini necə qurduğunu öyrənmək üçün mühüm arxeoloji mənbə hesab olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.