Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azpost.info yeni konsulun tərcüməyi-halını təqdim edir.
Baş konsul Zamin Məmməd oğlu Əliyev diplomatik xidmətdə uzunillik təcrübəyə malik peşəkar diplomatdır.
Zamin Əliyev 1979-cu il oktyabrın 8-də Ağdam rayonunda anadan olub.
O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, 2002-ci ildə isə həmin ixtisas üzrə magistratura təhsilini başa vurub.
Zamin Əliyev diplomatik fəaliyyətə 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb.
Onun əmək fəaliyyəti aşağıdakı mərhələləri əhatə edir:
2001–2005 – Xarici İşlər Nazirliyinin Birinci Qərb Ərazi İdarəsində referent və attaşe;
2005–2008 – Azərbaycanın Macarıstandakı səfirliyində attaşe və üçüncü katib;
2008–2011 – Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü və ikinci katib;
2011–2017 – Türk Dövlətləri Təşkilatında layihə direktoru;
2017–2020 – Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri;
2020–2021 – Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini;
2021–2024 – Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Zamin Əliyev Azərbaycanın Türkiyənin Qars şəhərində baş konsulu təyin edilmişdi.
Zamin Əliyev türk, ingilis və rus dillərini sərbəst bilir.
O, ailəlidir və üç övladı var.