Azad İqtisadi Zonalar ölkəmizə nə vəd edir?

Azərbaycanda uğurla həyata keçirilən neft strategiyası sayəsində əldə olunmuş gəlirlər hesabına qeyri–neft iqtisadiyyatını inkişaf etdirmək hədəf olaraq qarşıya qoyulub.

Son 10 ildə neft qiymətlərinin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran, institusional və struktur çağırışlar fonunda  Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaradıb.

Bu baxımdan Azad İqtisadi Zonalar bu istiqamətdə perspektiv məsələ kimi baxılır.

Azad iqtisadi zona yaradan ölkələrin məqsədləri müxtəlif ola bilər. Bəzi ölkələr azad iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Məsələn, Böyük Britaniya 1981-ci ildən başlayaraq məşğulluğun artırılması və milli səviyyədə iqtisadi konyunkturanın fəallaşdırılması məqsədilə azad hava limanları (Liverpul, Birminhem, Kardiff, Sausanton, Prestrix və Belfast aeroportları) yaratmağa başladı. ABŞ-da isə 1934-cü ildə qəbul edilmiş qanuna əsasən azad iqtisadi zonaların yaradılmasının əsas məqsədi kimi xarici malların ABŞ-a idxal edilərkən rüsumlardan azad edilməsi yolu ilə xarici ticarətin dəstəklənməsi və təşviq edilməsi göstərilirdi. Göründüyü kimi, azad iqtisadi zonaların yaradılması məqsədlərindəki müxtəlifliyi görmək üçün bir neçə misal kifayət edir.

Müxtəlif inkişaf səviyyələrinə malik olan dövlətlərdə azad iqtisadi zonaların müxtəlif formaları tətbiq edilir. İnkişaf etmiş iqtisadiyyata malik olan dövlətlərdə (Qərbi Avropa Dövlətləri, ABŞ, Yaponiya) üçün dəniz limanlarında rüsumsuz azad ticarət zonaları, azad hava limanları, maliyyə-bank mərkəzləri, offşor zonalar, texniki-tətbiqi zonalar xarakterikdir.

Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrdə (xüsusilə Asiya-Sakit Okean regionu və Latın Amerikası dövlətləri) ixrac-istehsal zonaları daha intensiv fəaliyyət göstərir. belə ki, ixracı artırmaqla, bu dövlətlər öz qarşılarında duran məqsədlərə daha tez nail olmağa çalışır zəruri olan sərbəst dönərli valyuta ehtiyatlarını artırırlar. Bu kateqoriyada xüsusilə Asiya tipli azad iqtisadi zonalar fərqləndirilir ki, bu zonaların da ən bariz nümunəsi Çinin xüsusi iqtisadi rayonları və xüsusi sahilyanı şəhərləridir.

Azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək. Belə zonalar xüsusilə regionlarda yaradılsa, daha yaxşı olar. Qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması

üçün spesifik potensiala ehtiyac yoxdur. Burada söhbət güzəştlərin tətbiq olunmasından gedir. İnfrastrukturumuz və mövcud şərait imkan verir ki, Azərbaycanda belə iqtisadi zonaların yaradılmasına nail olunsun.

Azad iqtisadi zonaların ən mühüm, üstün cəhəti ondan ibarətdir ki, orada mallar gömrük rüsumlarından, vergilərdən və maliyyə nəzarətinin bəzi formalarından azaddır. Amma bütün bunlara baxmayaraq, gömrük orqanları qaçaqmalçılıq və digər qadağan olunmuş malların gətirilməsinin qarşısını almalıdır. Hazırda dünyada 1000-dən çox azad iqtisadi zona mövcuddur və bunların 300-ə yaxını azad ticarət zonalarıdır. Dünya ticarət dövriyyəsinin 25%-i məhz bu ticarət zonalarının payına düşür.

Azərbaycan iqtisadiyyatı ölkənin dəmir yolları ilə paralel həmçinin Xəzər hövzəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt iqtisadi zonasından bəhrələnəcək.

Azərbaycanda bir neçə layihəyə baxılıb və yalnız Ələt İqtisadi zonası perspektivli hesab edilə bilər. Avropa ilə Asiyanı birləşdirən BakıTbilisi-Qars dəmiryolu, nəqliyyat-logistika mərkəzinin yaradılması, sərnişin və yükdaşımalarının kəskin artması bu layihəni daha da cəlbedici edəcək.

Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı. Bu gün, Free Trade Zone modelindən uğurla istifadə edən ölkələrdən biridə qardaş Türkiyədir. Türkiyə Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumata əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır.

Bu uğur faktorlarını nəzərə aldıqdan, eyni zamanda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutların mərkəzində yerləşməsi Azad Ticarət Zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələtdə yaradılmasına başlanan azad ticarət zonası Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Ələtdə xüsusi rejimli zonanın yaradılması imkan verəcək ki, həm Bakı Beynəlxalq Dəniz Ticarəti limanı öz potensialını tam realizə etsin eyni zamanda Azərbaycan həm Avropa həmdə Asiya bazarlarına xidmət göstərəcək haba çevrilsin.

Ələt qəsəbəsi həm beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Buda imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimidə inkişaf etsin. Nəzərə alsaq ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək.

“Azad iqtisadi zona”ların yaradılmasında əsas məqsəd, əvvəlcədən müəyyən olunmuş hansısa bir bölgəyə sahibkarların marağını cəlb etmək, həmin ərazinin investisiya cəlbediciliyini artırmaq, bununla da iqtisadi münasibətlərdə həmin zonanın fəallığını təşviq etməkdir. Təbii ki, bütün bu proseslərin nəticəsində əhali məşğulluğunun təmin edilməsi, ixrac- idxal aktivliyinin artırılması, sahibkarlığın inkişafında bürokratik əngəllərin aradan qaldırılması əsas hədəflərdən sayılır.

Qeyd edək ki, bu iqtisadi mexanizm tarixdə ilk dəfə yunanlar tərəfindən tət­biq olunsa da, ötən əsrin ikinci yarısından ABŞ, Koreya, Çin və digər ölkələrdə daha geniş yayılmağa başlanılıb. Müasir dövrdə isə vəziyyət belədir: Dünya Ban­kının 2022-ci ildə yaydığı məlumata görə, dünyada 4 mindən çox azad iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracatda çəkisi 200 milyard dollardan artıqdır.

Azad iqtisadi zonalar üçün ərazilərin seçilməsi müəyyən şərtlər üzərində formalaşır. Bu şərtlər içərisində ən başlıcası isə xüsusi zonanın qonşu ölkələrə yaxınlığı və xarici bazarlara rahat çıxış imkanları, ərazinin lazımi infrastruktur layihələrinə sahib ol­ması, eyni zamanda zonaların şaxələndi­rilmiş nəqliyyat (gəmi, qatar və avtomobil marşrutları) xətlərinə əlçatanlığıdır.

Hazırda Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşurutları üzərində mərkəzi qovşağa çevrilməsi bu cür zonaların yaradılması zərurətini bir daha ortaya qoyur. Xüsusilə, Şərq–Qərb dəhlizi üzərində son illərin ən böyük layihələrindən olan Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizin müasir lojistik-tranzit imkanlarını təqdim edir. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər isə Naxçıvan Muxtar Respublikasının tranzit imkanlarının önünü acır.

Belə çevik nəqliyyat qov­şağında azad ticarət zonasının yaradıl­ması isə olduqca mühümdür. Həmçinin belə xüsusi zonanın yaradılması muxtar respublika üçün bir sıra əhəmiyyətli pers­pektivlər vəd edir.

Müasir dövrdə azad iqtisadi zonalar yaradılarkən coğrafi mövqeyinə görə dünyadaki analoji zonaların təcrübəsi bir daha öy­rənilir. Məsələn, Bakıda Beynəlxalq Dəniz Ticarəti Limanı (Ələt Azad İqtisadi Zonası) üçün ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya təcrübəsi nəzərdən keçirilsə də, mütəxəssislər Dubay modelinin tətbiqi­ni daha təkmil variant kimi qəbul edirlər.

Azad iqtisadi zonanın inkişafı üçün vacib stimullaşdırıcı amillərdən biri də güzəşt sistemləridir. Hər bir investor istənilən kapital qoyuluşu etməzdən əvvəl onun sərəncamında olan güzəştləri və şəraiti diqqətlə öyrənir. Hər bir dövlət və ya onun bu və ya digər regionu azad iqtisadi zona yaradarkən öz güzəşt yığımlarını müəyyən edir. Bu zaman, təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılan güzəştlər sistemi kifayət qədər individualdır və həmin dövlətin və ya regionun ərazisində həyata keçirilən proqram və layihələrlə sıx bağlıdır. Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət, Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətinin seçilməsi isə prosesin beynəlxalq təcrübənin ən mütərəqqi nümunələrinin tətbiqi ilə həyata keçirilməsinə imkan verir.

Bəs, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində AZTV müsahibəsində bu məsələyə toxunub. Prezident bildirib ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır.

Digər vacib məsələ müasir infrastrukturun mövcudluğudur. Dünya Bankının “Doing Business” hesabatında, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlində bizim üstünlüyümüz göz qabağındadır.

Ölkəmiz dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir.

Prezident bildirib ki, Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu amil də çox önəmlidir.

Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Azad İqtisadi Zonanın yaradılması sosial rifah halının yaxşılaşdırılması və inkişaf hədəfinin reallaşdırılmasına müsbət təsir edəcək.

 

V.ABBAS

Yazı MEDİA-nın dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Məşhur müğənninin oğlu vəfat edib

Sonrakı məqalə

“Belarusa qarşı aqressiv ssenarilər fəlakətli nəticələrə gətirib çıxaracaq”