“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını uğurla davam etdirir. Bu barədə QHT.az-a təşkilatın sədri və layihə rəhbəri Eyyub Hüseynov məlumat verib.
Hədəf ərazi olaraq seçilmiş Ağdam rayonunun Quzanlı qəsəbəsində 12 iyun tarixdə 10 nəfərdən (o cümlədən 10 nəfər kişi) ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib. İştirakçılar evdə hazırlanan turşulardan zəhərlənmələrə tez- tez rast gəlindiyini qeyd edərək mövzunun aktuallığını vurğulayıb və onları maraqlandıran suallarla təlimçilərə müraciət ediblər. İştirakçılara mövzuya dair buklet paylanıb. Təlimçilər iştirakçıların suallarını ətraflı cavablandırıblar. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdirilib. Təlimlərin hər biri iştirakçılar tərəfindən qiymətləndirilib. Təlim iştirakçılarına müvafiq olaraq sertifikat təqdim edilib. İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və AİİB-ə təşəkkürlərini bildirməklə yanaşı, analoji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.
Qeyd edək ki, AİİB uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə statistikasında ev şəraitində hazırlanan konservləşdirilən meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə edib. AİİB daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olmuş bu “ənənəni” ildən ilə az da olsa azaltmağa nail olub, lakin tamamilə yox etməyə nail ola bilməyibdir. Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunur, hətta bu kimi malları satan dükanlar da mövcuddur.
Ailə ənənələrinə çevrilən bu vəziyyətin məhdudlaşdırılması ilə yanaşı, AİİB, meyvə-tərəvəz konservlərinin istehsalının təhlükəsiz icra olunmasına kömək etmək məqsədilə qrant proqramlarına layihə vermək qərarına gəlib və hazırda AİİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını uğurla davam etdirir.
