AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmasını daha bir yeni nəsil “Airbus A320neo” təyyarəsi ilə gücləndirib.
AZAL-ın Mətbuat xidmətindən Azpost.info-ya bildirilib ki, bu, aviaşirkətin 2026-cı ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir. Yeni təyyarənin istismara verilməsi ilə AZAL-ın donanmasında fəaliyyət göstərən təyyarələrin ümumi sayı 30-a yüksəlib.
Yeni “Airbus A320neo” təyyarəsinin istismara qəbul edilməsi aviaşirkətin donanmanın yeni nəsil hava gəmiləri ilə yenilənməsi proqramının növbəti mərhələsidir. Bu addım AZAL-a əməliyyat çevikliyini artırmağa, artan sərnişin tələbatını daha səmərəli qarşılamağa və marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
Yeni təyyarə müasir “Airspace” salonu, daha geniş əl yükü bölmələri, yüksəksürətli Wi-Fi, biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklərlə təchiz olunub. Bu xüsusiyyətlər sərnişin rahatlığını artırmaqla yanaşı, yanacaq sərfiyyatını və karbon emissiyalarını da azaltmağa imkan verir.
Qeyd edək ki, AZAL cari ilin ilk yarısında donanmasını iki “Airbus A320neo” və bir “Airbus A321neo” təyyarəsi ilə genişləndirib.
Milli aviadaşıyıcı 2026-cı ilin sonunadək təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil edilməsini planlaşdırır. Proqram çərçivəsində yeni nəsil “Airbus” təyyarələri mərhələli şəkildə istismara qəbul olunacaq və 2032-ci ilədək AZAL-ın donanmasındakı təyyarələrin sayının 50-yə çatdırılması hədəflənir.