“Azersky” peykinin meteoritlə toqquşduğu ehtimal olunur

“Azersky” – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb, “Azersky” peyki ilə məlumat mübadiləsi dayanıb.

Azərkosmos” və peykin istehsalçısı tərəfindən “Azersky” peyki ilə əlaqənin bərpa olunması istiqamətində tədbirlər görülsə də, peyk ilə əlaqə yaratmaq mümkün olmayıb.

Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən (U.S. Space Surveillance Network) alınan məlumata görə, “Azersky” peyki öz nəzərdə tutulan orbitində uçmağa davam edir. ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsi hazırda kosmik fəzada ölçüsü 10 sm-dan çox olan 36.500 obyekti izləyir. Lakin hesablamalara görə, planetin ətrafında Kosmik Müşahidə Şəbəkəsinin izləyə bilmədiyi kiçik ölçülü (1-10 sm) 1 milyondan çox obyekt hərəkət etməkdədir.

 

Kosmik tullantı və ya meteorit ilə toqquşduğu ehtimal edilən və sıradan çıxan “Azersky” peyki ilə bağlı dəyən ziyan “PAŞA Sığorta” şirkəti tərəfindən qarşılanacaq.

Bu barədə sığorta şirkətindən bildirilib.

 

Qeyd edilib ki, peykin sığorta risklərinin böyük hissəsi beynəlxalq təkrarsığorta şirkətinə ötürülüb. Artıq dəyən ziyanın ödənilməsi ilə təkrarsığorta şirkəti ilə razılıq əldə olunub. 45 milyon manat həcmində zərər ötürülən risklərin nisbətinə görə həm “PAŞA Sığorta”, həm də xarici təkrarsığorta şirkəti arasında bölüşdürüləcək. Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) “PAŞA Sığorta” ilə ötən ilin sonunda “Azersky” peykinin sığortalanması ilə bağlı bir illik müqavilə bağlayıb.

Müqavilənin dəyəri isə 517 900 manat təşkil edib.

Əvvəlki məqalə

Latviyada 9 mayı qeyd etmək qadağan edilib

Sonrakı məqalə

İqtisadi Şuranın iclası keçirilib