2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,4 faiz azalıb, real ifadədə isə 2,5 faiz, o cümlədən idxal 8,5 faiz, ixrac 0,6 faiz artıb.
Azpost.info bildirir ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 92,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, Yunanıstan, Hindistan, İspaniya, İsrail, Türkmənistan, Çexiya, Gürcüstan, Rumıniya, Fransa, İrlandiya, ABŞ, İran, Qazaxıstan, Yaponiya, Bolqarıstan, Avstriya, Koreya, Xorvatiya və Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,8 faizi Rusiyanın, 15,4 faizi Çinin, 14 faizi Türkiyənin, 5,9 faizi Almaniyanın, 5,4 faizi Türkmənistanın, 3,5 faizi Fransanın, 3 faizi ABŞ-ın, 2,9 faizi İranın, 2,6 faizi İtaliyanın, 2,4 faizi Yaponiyanın, 2,3 faizi Koreyanın, hər biri 1,9 faiz olmaqla Qazaxıstan və Belarusun, 1,8 faizi Birləşmiş Krallığın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Hindistanın, 1,2 faizi Braziliyanın, 1 faizi Polşanın, hər biri 0,8 faiz olmaqla Vyetnam və Niderlandın, 11,7 faizi isə digər ölkələrin payına düşüb.
İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, mineral məhsulların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.
İdxal olunan malların 62,8 faizini avtomobil, 14,7 faizini dəmir yolu, 10,3 faizini dəniz, 9,1 faizini hava nəqliyyatı ilə gətirilmiş, 3,1 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
Azpost.info