“Bəs SOCAR mayasına ziyan edə-edə qazı necə satırmış?”-

İlham Şabandan ŞƏRH
30 İyun 2021 - 21:19
Təbii qazın Azərbaycanda istehlakçılar arasında paylaşdırılması ilə, yəni satışı ilə “Azəriqaz” məşğul olur.
Azərbaycan müstəqilliyini əldə edəndən faktiki olaraq bu qurum rentabelsiz və hökumət üçün problemli bir dövlət aktivi olub: 90-cı illərdə Azərbaycanda qaz hasilatı kəskin azaldığından (1990-cı ildə Azərbaycanda 9,93 mlrd m3 qaz hasilatı vardısa, 1993-cü ildə 6,8 mlrd kub metrə, 2000-ci ildə 5,64 mlrd kub metrə və 2004-cü ildə 4,99 mlrd kub metrə qədər azalma olub) ölkədə əhalinin qaz təminatı da ildən ilə pisləşib.
Sovet dövrünün 86% qazlaşması birdən birə elə hala gəlib çatıb ki, heş Abşeron yarımadasında qaz təminatını normal səviyyədə həyata keçirmək mümkün olmayıb. Azərbaycanın istilik-elektrik stansiyaları əsasən mazut rejimində çalışırdılar o zaman.
Ölkə 2000-ci ilin oktyabrında QAZ İDXALÇISI statusu qazanıb, Rusiyadan hər il 4 mlrd kub metr ətrafında mavi yanacaq idxal edilib ki, enerjiyə olan tələbatı minimal səviyyədə həyata keçirmək mümkün olsun.
Təbii ki, belə bir şəraitdə QAZ PAYLAYICI sistemdə oğurluq da vardı, yığım çox aşağı səviyyədə idi, texniki təminat isə – bir təhər yola vermək.
Ona görə də XXİ əsrin ilk beşilliyində Azərbaycan özünə gələndə belə köhnə qaz təsərrüfatı sisteminin işində dönüş yaratmaq çox mürəkkəb idi: daim borclar yığılırdı, özü də milyardlıq. Hökumət bir neçə dəfə 2005-ci ildən başlayaraq bu borcları silərək, qaz qiymətlərini artıraraq sistemin işində irəliyə addımlara nail olmağa çalışdı. Amma alınmırdı.
Ona görə də 2009-cu il iyulun ilk günü “Azəriqaz”ın SOCAR-a birləşdirilməsi ilə dövlət ona nail olmaq istəyirdi ki,
1) “Azəriqaz”ın idatə edilmə mexanizmi yaxşılaşdırılsın, satılan qazın və yığılan vəsaitlərin uçotu kritik haldan normal göstəricilər səviyyəsinə qaldırılsın və artan qaz hasilatı fonunda qaz təsərrüfatının yenidənqurulması həyata keçirilsin
2) “Azəriqaz” daha hökumətdən vəsait alan altqurum kimi fəaliyyət göstərməsin.
İndi baxaq, görək bütün bunlara 12 il ərzində hökumət nail oldumu?
Müəyyən qədər.
SOCAR-dan əvvəlki “Azəriqaz” nə gündəydi sualını cavablandırmaq üçün gərək bizim yerli “Namedni” verilişimiz ola və orada onları seyr edəsən.
SOCAR ilk olaraq “Azəriqaz”ı qısaca desək, “abıra” saldı, qiyafəsini dəyişdi və elektron qaz sayğaclarının yayılması prosesini genişləndirdi. Sonra “qaz xidməti” deyilən bir məfhumu istehlakçılar arasında formalaşdırdı.
Bunlar baş verən pozitiv məsələlərdir.
İndi bir az dərinliklərə baş vuraq.
Əvvəla, 2 iyul 2009-cu il tarixində Tarif (qiymət) Şurası Azərbaycanda qaz tariflərini 2,1 dəfə artırdı. Buna qədər əhali 1000 kub metr qaz üçün 47 manat 20 qəpik ödəyirdi. Və oldu 100 manat!
2017-ci il 1 yanvar tarixindən isə Azərbaycanda əhali qrupu arasında qaz diferensial tariflə verilməyə başlanıldı – yəni çox istifadə edirsənsə, 2 qat ödə. Əslində normal bir addım idi izafi qaz istehlakının qarşısını almaq üçün.
2009-ci il üçün SOCAR-ın hesabatında göstərilib ki, 1000 kub metr qazın hasilatının maya dəyəri 34,55 AZN olub.
10 il sonra – 2019-cu ildə SOCAR qazın maya dəyəri haqda audit edilmiş hesabatında bunları ictimailəşdirib: qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib, amma SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,46 manat olub.
Yəni SOCAR 2020-ci ildə hazırladığı bu hesabatda göstərib ki, onun ölkə daxilində satdığı qaz rentabelli deyil.
SOCAR Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində aldığı qazın qiymətini isə 2016-cı ildən  ictimailəşdirməyə başlayıb. Niyə? Çünki 2015-ci ildə iki devalvasiya nəticəsində manat 2 dəfəyədək dəyərini itirdikdən sonra SOCAR-ın ölkənin daxili bazarının ehtiyacları üçün dollarla aldığı təbii qazın qiymətində kəskin dəyişmələr oldu.
Həmçinin SOCAR ölkəyə 2016-2018-ci illərdə yenidən qaz idxal etməyə başladı: əvvəlcə Türkmənistandan (İran üzərindən), daha sonra Rusiyadan. Həmin qaz SOCAR üçün ölkə daxilində xarici şirkətlərdən alınan qazdan xeyli baha başa gəlirdi.
2018-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 155,75 manat təşkil edibmiş, 2017-də isə bu göstərici 163,7 manat idi. 2016-cı ildə isə 128,77 manat.
Bəs SOCAR mayasına ziyan edə-edə qazı necə satırmış? Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində SOCAR Tarif Şurasına təbii qaz qiymətlərinin artırılması təklifi ilə bağlı artıq müraciət edibmiş. O zaman sadəcə, benzin və dizel yanacağının qiymətinin artımı rəsmiləşdirilmişdi. Demək, bu məsələ gündəmdə olub.
O ki, qaldı SOCAR bir təsərrüfat-kommersiya qurumu kimi hansısa məhsulu maya dəyərindən aşağı qiyməytə satması artıq bu onun yeganə təsisçisi – DÖVLƏTLƏ Şirkət arasında olan münasibətləri ilə tənzimlənir. Yəni razılaşdırılır.
Ona görə də “2009-da “Azəriqaz”ı SOCAR-a birləşdirməklə dövlət qarşısına qoyduğu məqsədlərə çatdımı” sualını cavablandırarkən buna QİSMƏN demək olar.
Çünki dövlət qaz təsərrüfatının subsidiyalaşdırılmasını istər onun hasilatında olsun (qaz quyularının qazılması maddəsi ilə neçə dəfə dövlət büdcəsindən SOCAR-a vəsait ayrılıb), istər 2012-ci ildən başlayaraq ölkənin qazlaşdırılmasının artırılması (2012-ci ilin iyununda hökumətin yayadığı məlumata görə, bu məqsədlər üçün 2014-cü ilin sonuna qədər 1,45 mlrd manat vəsait ayrılması planlaşdırılırdı), istərsə də marketinqi, yəni qazın satışında (dövlət qaz bazarını tənzimləyir və 2009-da gördük ki, bir qərarı ilə satış qiymətlərini 2,1 dəfə artırdı) ona dəstək verib.
Ancaq 2020-ci ilin iyulunda dövlət başçısının yanında ilin I yarısının yekunlarına həsr edilmiş iclasda Prezident dövlət vəsaitindən səmərəli istifadə və dövlətin payı olan şirkətlərin rentabelliyi məsələsini qaldırdı. Bu zaman diplomatikcəsinə SOCAR üçün qaza görə ayrılan vəsaitlərə toxundu. Sözünün canı o idi ki, Şirkət bunu öz vəsaitləri hesabına etməlidir. Elə o iclasdan heç bir ay keçməmiş (7 avqust 2020-ci il) Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqda FƏRMAN işıq üzü gördü.
Mənə məlum deyil SOCAR və ya Prezidentin iqtisadiyyat üzrə köməkçiləri qaz təsərrüfatının qeyri-rentabelli fəaliyyəti ilə bağlı bu iclas öncəsi dövlət başçısına ayrıca hesabat təqdim ediblərmiş ya yox. Amma audit edilmiş hesabata görə SOCAR ölkə daxilindəki qaz satışını son 5 ildə ziyanla həyata keçirib və hökumət heç bir İCLASINI bu halın aradan qaldırılmasına həsr etməyib.
Bir məsələ də mənə maraqlıdır. SOCAR 2007-ci ildən Gürcüstanın parakəndə qaz satışı bazarında fəaliyyət göstərir. Nədən alıcılıq qabiliyyəti bizdən aşağı olan bazarda SOCAR rentabelli işləyir?
İlham Şaban