“Bəzi siyasətçilərin dindən siyasi məqsəd üçün istifadə halları artır” –Şeyxülislam Qazaxstan KİV-lərinə müsahibə verib (FOTO)

Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayı Katibliyinin XIX iclası çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri yerli KİV nümayəndələrinə müsahibə verdi. Yerli media mənsublarının suallarını cavablandıran Şeyxülislam Azərbaycanın şanlı zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən, azad edilmiş torpaqlarımızdakı aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən, habelə Azərbaycan ilə Qazaxıstan arasında tarixi qardaşlıq əlaqələrindən danışıb.

Dini liderlərin növbəti qurultayına hazırlıq məqsədilə keçirilən iclasın əhəmiyyətindən bəhs edən Allahşükür Paşazadə deyib ki, dini liderlərin sözügedən platformada siyasi və ictimai xadimlərlə əməkdaşlığı bütün bəşəriyyəti təhdid edən çağırışların qarşısının alınmasında böyük rol oynayır.

Şeyxülislam bildirib ki, dünyada qlobal sabitliyi pozan, müxtəlif icmalar və xalqlar arasında qarşıdurmaları atəşləyən ksenofobiya, islamofobiya, xristianofobiya və antisemitizm kimi ideoloji və praktiki təhdidlərin artması müşahidə olunur. Bu gün zorakılığa, ayrı-seçkiliyə səbəb olan nifrət çağırışları real siyasi və sosial təhlükəyə çevrilib. QMİ-nin sədri qadın və uşaqların hüquqlarının qorunmasının vacibliyini də xüsusi qeyd edib. Digər tərəfdən, dinin bəzi siyasətçilər tərəfindən öz mənafeləri və siyasi məqsədləri üçün istifadə etmə halları da artmaqdadır. Bütün bunlara qarşı din, dövlət və ictimai xadimlərinin səylərini birləşdirən bu cür tədbirlərin keçirilməsinin mühüm olduğunu vurğulayan şeyxülislam 2022-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək növbəti VII Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının dünyada böyük rezonans doğuracağını əmin olduğunu bildirib.

QMİ-nin sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir və Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən çox sayda beynəlxalq mədəniyyətlərarası, dinlərarası tədbirlərə ev sahibliyi edib. Azərbaycanda bütün dinlər üçün eyni şərait yaradılıb, ölkəmizdə mövcud olan bütün dini konfessiyalar qanun qarşısında bərabərdir.

Azərbaycan Respublikası işğal olunmuş ərazilərini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü ilə beynəlxalq qanunlara, BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq azad edib. Uzun illərdir işğal olunmuş Vətən torpaqlarında əsir qalmış məscidlərin, kilsələrin, ziyarətgahların, digər dini, tarixi və mədəni abidələrin erməni vandalları tərəfindən dağıdıldığını xüsusilə vurğulayan şeyxülislam onların dövlət tərəfindən təmir və bərpa edilməkdə olduğunu deyib.

Azərbaycanın öz əzəli torpaqlarının erməni işğalından azad olunması uğrunda apardığı haqq mücadiləsində, həm birinci Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövlətinin, onun rəhbərliyinin, bütün qazax xalqının haqq-ədalətin yanında olması, bizə dəstək olması təqdirəlayiqdir.

Şeyxülislam, həmçinin qeyd edib ki, 27 sentyabrdan başlayaraq Şuşanın azad olunmasının ildönümünə, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərini təsdiq edən üçtərəfli sənədin imzalandığı 10 noyabr tarixinədək Azərbaycan xalqı Vətən uğrunda həyatlarını fəda edən üç minə yaxın şəhidimizi ehtiramla anır, onların ruhlarına dualar edir. QMİ-nin sədri Qarabağın azadlığı uğrunda həyatlarından keçənlər arasında birinci Qarabağ savaşında ermənilər tərəfindən vurulan helikopterdə həlak olanlar arasında qazax şəhidinin də olduğunu xüsusi qeyd edib.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının Katibliyinin XIX iclasında iştirak edir. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniya İtaliyaya qalib gəldi, finala yüksəldi –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi