Bağlanan dörd bank maliyyə məlumatlarını gizlədib? –

Ekspertdən maraqlı ŞƏRH
06 May 2020 - 23:28

“Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki, fəaliyyəti dayandırılan 4 bankın hamısının kapitalı mənfi imiş. Mərkəzi Bank rəhbərinin dediyi kimi banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir?”

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bağlanmış bankların maliyyə vəziyyəti ilə bağlı açıqlanmış rəqəmləri şərh edərkən bildirib.

“Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun sözlərinə görə, AGBank kapitalı mənfi 145 milyon manat, NBC Bankın kapitalı mənfi 23 milyon manat, AtaBank-da kapitalı mənfi 214 milyon manat, AmrahBankın kapitalı mənfi 77 milyon manatdır. Deməli, bu bankların xilası üçün ümumilikdə 660 milyon manat tələb olunur.

İndi bankların açıqlamalarına gələk. 2019-cu ilin sonuna Atabank istisna olmaqla digər 3 bank kapitalları barədə məlumatları açıqlayıblar. Ötən ilin sonuna NBC bank 58,3 milyon manat, AG bank 48,9 milyon manat, Amrahbank 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta AG bank 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. İndi məlum olur ki, cəmisi bir neçə aya bankların hamısında kapital mənfiyə düşüb.

İndi orta bir sual çıxır. Mərkəzi Bank rəhbərinin dediyi kimi banklar kapitalını itirərək zərərə düşübsə, bankların açıqladıqları məlumatlar niyə fərqli mənzərəni göstərir? Belə çıxır ki, bankların açıqladığı məlumatlar reallıqdan tamam uzaqdır”.

Ekspertin fikrincə, əgər bu belədirsə, deməli onlar tənzimləyici quruma səhv məlumatlar veriblər. Əgər açıqlanan məlumatlar şişirdilibsə, istisna deyil ki, digər banklarda da analoji vəziyyətdir və kapitalı mənfi olan banklar yenə mövcuddur: “Digər məsələ tənzimləyici qurumun məsuliyyətsizliyidir. Bankların fəaliyyətinə nəzarəti 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirib. Yalnız ötən ilin sonu nəzarət səlahiyyəti Mərkəzi Banka qaytarılıb. Belə olan halda niyə bu vaxt qədər bu 4 bankla bağlı zəruri addım görülməyib? Niyə imkan verilib ki, onların kapitalı nəinki 50 milyon manatlıq normative pozsun, hətta mənfiyə düşsün”.

S.Əliyevin sözlərinə görə, bağlanan banklarda sığortalı əmanətlər qaytarılacaq. Bəs qorunmayan əmanətlərin taleyi necə olacaq? “Sahibkarların alın təri ilə topladıqları və banklara etibar etdikləri vəsaitlərin taleyi necə olacaq? Sahibkarın, əmanətçinin nə günahı var ki, dövlət bu banklara düzgün nəzarət etməyib, bu azmış kimi onları bankları düzgün seçməməkdə qınayır. Artıq Palata yoxdur, Mərkəzi Bank isə səlahiyyəti yenicə əldə edib. Bəs günahkar kimdir? Niyə vaxtında tədbir görülmədi? Axı tənzimləyici qurumun işi preventiv tədbirlər göstərməkdir, post-faktum addım atmaq deyil”.

Azpost.info