Bakıda bağçada uşağın döyülməsi videosu araşdırılır. Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli AzPost-a bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.
Xatırladaq ki, Bakıda yerləşən “Orbita” uşaq bağçasında uşaqların döyüldüyü iddia edilir.
Adını vermək istəməyən valideynlərdən birinin dediyinə görə, bağçada işləyənlər uşaqları adətən təhlükəsizlik kameralarının olmadığı yerlərdə döyür:
“Qara Qarayevdə “Orbita” uşaq bağçasında uşaqları kamera olmayan yerlərdə döyürlər. Videoda döyülən uşağın adı Melisadır. Dəfələrlə Sevinc, Şərifə müəllimələr ayaqyolunda kamera olmadığı üçün uşaqları döyüblər. Bu görüntülər çəkilən zaman Diana adlı müəllimə kameranın işləməyindən xəbərsiz olub”, – deyə məlumatda qeyd edilib.
Ölkə.Az səsləndirilən ittihamlarla bağlı “Orbita” uşaq bağçasının mövqeyini öyrənməyə çalışıb. Dəstəyi götürən Fatma adlı əməkdaş iddialarla bağlı hər hansı bir fikir bildirməyib və rəhbərliyin bu gün işdə olmadığını deyib. O həftəiçi əlaqə saxlamağı məsləhət görərək dəstəyi asıb.