Bakıda bu restoranlar atmosferi çirkləndirdikləri üçün cərimələniblər- ADLAR

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Çıraq Palas”, “Afrodita”, “Nağıl Bağı”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Qubadlı”, “Yaxta” və “İbiza” ictimai- iaşə obyektlərindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.

Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən həmin restoran və şadlıq saraylarını işlədən şəxslər barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərini işlədən şəxslərə bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.

Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Ərdoğan və Putinin sabahkı görüşdə nələri müzakirə edəcəkləri açıqlanıb

Sonrakı məqalə

Ursula von der Lyayenin Azərbaycana səfəri başa çatıb