Türkiyədə Nuh peyğəmbərin gəmisinin olduğu ehtimal edilən ərazidə təxminən 4300 il yaşı olan taxta qalıqları aşkarlanıb.
Azpost.info bildirir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ laboratoriyasında aparılan analizlər nəticəsində Doğubəyazid yaxınlığındakı Dorupınar formasiyasından götürülmüş nümunələrin eramızdan əvvəl 2200–2400-cü illərə aid olduğu müəyyən edilib. Araşdırmalar iyunun 28-dən sentyabrın 30-dək Uzəngili kəndinin ərazisində yerləşən formasiyada aparılıb. Tədqiqatlarda geofizika, geologiya və arxeologiya sahələrini təmsil edən beş ölkədən təxminən 20 mütəxəssis iştirak edib.
Ərazidə aşkarlanan ağac və kömürləşmiş qalıqlar radiokarbon analizi üçün ABŞ, İsveçrə və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasına (TÜBİTAK) göndərilib. Sivas Cümhuriyyət Universitetinin Arxeologiya kafedrasının professoru Cərker Atilla bildirib ki, ABŞ-da aparılan analizlərin nəticələri Böyük Daşqının ehtimal edilən tarixi ilə üst-üstə düşür.
“Dini kitablara görə, Nuhun tufanı təxminən eramızdan əvvəl 2300-cü ildə baş verib. Radiokarbon analizimizin nəticələri bu tarixlərlə tam uyğunlaşır. Nümunələrin eramızdan əvvəl 2200–2400-cü illərə aid olduğu müəyyən edilib. Bu, bizim üçün çox mühüm və maraqlı nəticədir”, – professor bildirib.
Onun sözlərinə görə, tədqiqatçılar hazırda TÜBİTAK və İsveçrədən analizlərin nəticələrini gözləyirlər. Bundan sonra hər üç laboratoriyanın nəticələri müqayisə ediləcək və yekun qiymətləndirmə aparılacaq.
Ekspedisiyanın rəhbər müavini Endryu Cons isə vurğulayıb ki, tapıntıların tarixinin müəyyənləşdirilməsi həmin tikilinin Nuhun gəmisi olduğunu öz-özlüyündə sübut etmir.
N.Talıblı