Bakıda uçqun baş verən binadan 4 nəfər təxliyə olunub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında uçqun baş verməsi və vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.

Ümumilikdə hadisə zamanı xəsarət alan olmayıb.

Əvvəlki məqalə

Ukraynada aviazərbə endirilən kənd məktəbində 60 nəfər ölüb

Sonrakı məqalə

Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub