“Gələcəyin cəmiyyətini formalaşdıran uşaqların fiziki və mənəvi sağlamlığının qorunması, hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişdirilməsi ailənin, məktəbin və bütövlükdə cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.
O qeyd edib ki, ailə, məktəb və cəmiyyət məsələyə xüsusi həssaslıqla yanaşmalı, təlim və tərbiyə prosesində boşluqlara, laqeydliyə yol verilməməlidir: “Bu, təkcə təhsil deyil, eyni zamanda gələcəyin insanının formalaşdırılması məsələsidir. Övladlarımızın həyatına, təhsilinə və davranışına mənfi təsir göstərən yad meyillər vaxtında müəyyənləşdirilməli, onların qarşısının alınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilməlidir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin uşaqların dünyagörüşünə təsiri, müxtəlif ideoloji təsirlərin geniş yayılması valideynlərin və təhsil müəssisələrinin məsuliyyətini daha da artırır. Uşaqların düzgün istiqamətləndirilməsi, onlarda müstəqil düşüncə, sağlam mühakimə, milli kimliyə bağlılıq və cəmiyyət qarşısında məsuliyyət hissinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə əsas məqsəd yalnız mənfi təsirlərin qarşısını almaq deyil, həm də gənc nəslin elmi biliklərə, sağlam düşüncəyə, qarşılıqlı hörmətə və mənəvi dəyərlərə əsaslanan dünyagörüşünün inkişafına nail olmaqdır”.
Komitə sədri qeyd edib ki, bu gün uğurlarımızı, müstəqilliyimizi və qələbələrimizi həzm edə bilməyən, hər vasitə ilə ictimai sabitliyimizi pozmağa, milli-mənəvi dəyərlərimizə kölgə salmağa çalışan qüvvələr var.
O vurğulayıb ki, Azərbaycanda dini ayinlərin, mərasimlərin keçirilməsi ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqini eyniləşdirmək əsassızdır: “Ölkəmizdə dinə qadağa qoyulmayıb. Məktəblərimizdə vahid məktəbli forması tətbiq olunur və şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi təhsil mühitində nizam-intizamın təmin edilməsinin tərkib hissəsidir. Məktəblilərin geyimi eyni olmalı, bir-birindən fərqlənməməli, sosiallaşmalı, özlərini sərbəst hiss etməlidirlər”. Mən hicab məsələsini din və əxlaqla əlaqələndirən bəzi bacı və qardaşlarıma üzümü tutaraq xahiş edirəm ki, yanlış təsirlərə və fikirlərə məhəl qoymasınlar. Çünki kiçikyaşlı məktəblilər hicabın mahiyyətini tam dərk etmirlər. Bu düşüncəni onlara biz valideynlər təlqin edirik. Övladlarımızın hər biri bizim üçün əzizdir. Onların xoşbəxt gələcəyi, mükəmməl təhsil alması, təhlükəsizliyi və sağlamlığı haqqında ciddi düşünürük. Məktəblərdə ciddi nizam-intizam yaratmağa, vahid məktəbli forması tətbiq etməklə orta ümumtəhsil müəssisələrimizi daha da ictimailəşdirməyə və şagirdlərimizin geyimdə nümunəvi olmasına çalışırıq. Belə bir zamanda yersiz söz-söhbətə yol verməməliyik”.
Deputat qeyd edib ki, məktəbin əsas missiyası yalnız bilik vermək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır: “Təhsil müəssisələrində yaradılan sağlam psixoloji mühit, müəllim-şagird münasibətlərinin düzgün qurulması, valideynlərlə əməkdaşlıq və nizam-intizam qaydalarına əməl olunması uşaqların gələcək həyatına birbaşa təsir göstərir. Şagirdin özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsi onun təlim nəticələrinə, sosial münasibətlərinə və özünəinamına müsbət təsir edə bilər.
Birliyimizlə, amalımızla və mənəvi keyfiyyətlərimizlə əsl azərbaycanlı, layiqli vətəndaş olduğumuzu sübut etməliyik. Düşmənlərimizin niyyətlərini puça çıxarmalı, yad meyilləri təbliğ edənlərin arzularını gözlərində qoymalı və övladlarımızın xoşbəxt gələcəyini təmin etməliyik. Bu yol məktəbdən, nizam-intizamdan və elmlərə yiyələnməkdən keçir.
Milli-mənəvi dəyərlərin qorunması, dünyəvi təhsilin inkişafı və gənc nəslin layiqli vətəndaş kimi yetişdirilməsi bir-birini tamamlayan proseslərdir. Güclü dövlətin təməli savadlı, sağlam düşüncəli, milli kimliyinə bağlı və cəmiyyət qarşısında məsuliyyətini dərk edən vətəndaşlardan formalaşır. Bu məqsədə çatmaq üçün dövlətin həyata keçirdiyi siyasətlə yanaşı, ailənin, məktəbin və ictimaiyyətin birgə səyləri də zəruridir. Hər bir valideyn, müəllim və cəmiyyət üzvü anlamalıdır ki, uşaqların bu günü onların sabahını müəyyənləşdirir. Onların təhsilə yiyələnməsi, sağlam sosial mühitdə böyüməsi və mənəvi dəyərlər əsasında tərbiyə olunması Azərbaycanın gələcək inkişafına verilən ən mühüm töhfələrdən biridir”.