Bayden ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını elan etdi- 500-dən çox məhdudlaşdırıcı tədbir var

ABŞ Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edir.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Evin prezident Co Baydenə istinadən yaydığı bəyanatda deyilir.

Sanksiyalar həm Ukraynadakı hərbi əməliyyatla, həm də Aleksey Navalnının ölümü ilə bağlı tətbiq edilir.

“Sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, o cümlədən Rusiyanın maliyyə və müdafiə sənayesi sektorlarını, satınalma şəbəkələrini və sanksiyalardan yayınanları hədəf alacaq”, – Ağ Evdən bildirib.

ABŞ həmçinin Rusiyaya dəstək verməkdə ittiham olunan 100-ə yaxın şirkətə ixrac məhdudiyyətləri tətbiq edib.

Baydenin sözlərinə görə, ABŞ Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görür.

Rusiyaya qarşı yeni sanksiyaları elan edən bəyanatda Bayden Konqresdə Ukraynaya hərbi yardımın maliyyələşdirilməsinin təsdiq edilməsində çətinlikləri xatırladıb və Nümayəndələr Palatasını çox gec olmadan qanun layihəsini qəbul etməyə çağırıb.

“Bu kritik anda Ukraynaya dəstək verilməməsi unudulmayacaq. İndi bizim Ukrayna ilə möhkəm dayanmağımız, müttəfiqlərimiz və tərəfdaşlarımızla birləşmək vaxtıdır. İndi ABŞ-ın azadlığın tərəfdarı olduğunu və heç kimə boyun əyməyəcəyini sübut etməyin vaxtıdır”, – ABŞ prezidenti bildirib.

ABŞ Senatı fevralın 8-də Ukrayna, Tayvan və İsrailə yardımı əhatə edən qanun layihəsini dəstəkləyib, lakin fevralın 15-də Nümayəndələr Palatasının üzvləri yuxarı palata tərəfindən artıq təsdiqlənmiş sənədə səs vermədən fevralın 28-dək məzuniyyətə çıxıblar.

Azpost.info

Əvvəlki məqalə

Azad edilmiş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşib

Sonrakı məqalə

Konfrans Liqasında 1/8 finalın püşkü atılıb