ABŞ prezidenti Co Bayden HƏMAS-ı Qəzza zolağında münaqişəyə son qoymaq üçün İsrailin yeni təklifini qəbul etməyə çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Üç mərhələli təklif İsrail müdafiə qüvvələrinin işğal olunmuş Qəzza zolağından çəkilməsini nəzərdə tutan altı həftəlik atəşkəslə başlayacaq.
HƏMAS bu təklifə müsbət baxdığını bildirib.
Ağ Evdəki çıxışında Bayden bildirib ki, təklif olunan planın birinci mərhələsi tam atəşkəsi, İsrail qüvvələrinin məskunlaşan ərazilərdən çıxarılmasını və girovların fələstinli məhbuslarla dəyişdirilməsini əhatə edəcək.
“Bu, həqiqətən də həlledici məqamdır. HƏMAS atəşkəs istədiyini deyir. Bu sövdələşmə onların həqiqətən də bunu istədiklərini sübut etmək üçün bir şansdır. Atəşkəs hər gün 600 yük maşını yardımın Qəzzaya çatmasına imkan verəcək”, – Bayden bildirib.
ABŞ prezidenti əlavə edib ki, ikinci mərhələdə bütün qalan girovlar, o cümlədən hərbi qulluqçular geri qaytarılacaq.
Azpost.info